Prezident İlham Əliyev “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqlədiyib.
Təklif olunan dəyişikliyə əsasən, mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə kredit ittifaqları arasında məlumat mübadiləsi aparılır.
Kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir. Kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Qanunla tənzimlənir.
Qanunda qeyd edilir,
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485; 2001, № 12, maddə 736; 2010, № 10, maddə 839; 2016, № 3, maddə 408; 2019, № 1, maddə 32, № 6, maddə 993, № 8, maddə 1366) aşağıdakı məzmunda 15-1-ci maddə əlavə edilsin:
“Maddə 15-1. Mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə kredit ittifaqları arasında məlumat mübadiləsi
15-1.1. Kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.
15-1.2. Kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun 2021-ci il