10 C
Baku
Wednesday, December 11, 2024

Proqnoz: Azərbaycanda dolların bahalaşması ilə bağlı mənfi gözləntilər davam edəcək

Azərbaycanda ABŞ dollarının məzənnəsinin yaxın perspektivdə hansı istiqamətdə dəyişəcəyi ilə bağlı mənfi gözləntilər mövcuddur və bu durum qeyri-müəyyən bir müddət davam edəcək.

Banker.az xəbər verir ki, biu barədə yerli analitik qrup “Report” məlumat yayıb.

Agentliyin analitik qrupu bildirir ki, dünya bazarında neft qiymətlərinin 55 dollar/barel səviyyəsini ötməsinə baxmayaraq, Azərbaycanda dolların məzənnəsində dəyişiklik müşahidə olunmur və bu, dolların gələcək perspektivləri ilə bağlı cəmiyyətdə narahatlıq yaradır. İlk növbədə, “üzən məzənnə” rejiminin “idarə olunan üzən məzənnə” rejimi kimi fəaliyyət göstərdiyi müşahidə olunur. Qeyd edək ki, “Moody’s” beynəlxalq reytinq təşkilatının sentyabrın 8-də Azərbaycanla bağlı yaydığı hesabatında da “idarə olunan üzən məzənnə” rejiminin manatın bazar məzənnəsini tapmasına mane olduğu vurğulanıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov dünənki açıqlamasında tədiyyə balansında profisitin davam edəcəyi təqdirdə manatın möhkəmlənə biləcəyini bildirib, amma ixracın stimullaşdırılması səbəbindən bunun məqsədəuyğun hesab edilmədiyini deyib. Bu da onu deməyə imkan verir ki, Azərbaycanda dolların məzənnəsində mümkün dəyişiklik yalnız onun bahalaşması istiqamətində ola bilər.

Aanalitik qrupu qeyd edir ki, dolların bahalaşması üçün isə bir çox amil mövcuddur. Bunlardan birincisi, neft qiymətlərində azalmanın 2018-ci ildən etibarən yenidən başlaması ilə bağlı gözləntilərdir. Belə olarsa, tədiyyə balansının profisiti yenidən azalacaq və AMB məcburən devalvasiyaya razılıq verəcək. Xatırladaq ki, Azərbaycanın tədiyyə balansı 2017-ci ilin ilk yarısında 1,4 mlrd. ABŞ dolları həcmində profisitlə tamamlanıb. Azərbaycanın bu 6 ay ərzində 6,4 mlrd. dollar dəyərində neft ixrac edib, ixrac olunan neftin orta qiyməti yanvar-iyun aylarında 53,54 dollar/barel təşkil edib. Bu da onu göstərir ki, ixrac neftinin həcmi 120 mln. barel olub. Yəni, əgər Azərbaycan neftinin qiyməti təxminən 12 dollar/barel azalarsa, o zaman tədiyyə balansı tarazlığa çatar. Yəni, Azərbaycanın tədiyyə balansının tarazlığı baxımından minimal məqbul qiymət səviyyəsi 40-42 dollar/bareldir.

İkinci səbəb, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutalarının gözlənilən ucuzlaşmasıdır. İlin əvvəlindən Çin, Rusiya və Türkiyə kimi əsas ticarət tərəfdaşlarının yerli valyutaları 6-15% möhkəmlənib. Bu da həmin ölkələrin tədiyyə balansına idxalın artması səbəbindən ciddi mənfi təsir göstərir. Mövcud vəziyyətin uzun müddət davam etməsi mümkün olmaya bilər və adıçəkilən ölkələr yumşaq şəkildə devalvasiyaya başlaya bilər. Bu da ticarət tərəfdaşı olan ölkələrdə malların ucuzlaşmasına gətirib çıxaracaq. Nəticədə, manatın real effektiv məzənnəsinin yüksəlməsi prosesi başlayacaq. Bu da idxalı artıran, tədiyyə balansına mənfi təsir edən amildir.

“Üçüncü səbəb isə qloabal maliyyə bazarlarında faizlərin artmağa başlaması ilə yanaşı likvidliyin azalması amili ilə bağlıdır. Bu amil daha təhlükəlidir. Çünki, bu prosesin nəticəsi xammal, valyuta və qiymətli kağızlar bazarına birbaşa mənfi təsir göstərəcək. Xammal ucuzlaşacaq, dollar qlobal bazarda möhkəmlənəcək, borc bazarlarında faizlər artacaq və fond birjalarında ucuzlaşma başlayacaq”, – deyə analitiklər əlavə ediblər.

Reportun analitik qrupu qlobal maliyyə bazarlarında 2018-ci ilin IV rübü ilə 2019-cu ilin I rübü arasında yeni maliyyə böhranının başlaya biləcəyini ehtimal edir: “Səbəb kimi, ABŞ, Avropa və B.Britaniya kimi ölkələrin monetar ekspansiyanı bitirməsi və uçot dərəcələrini artırması amilləri göstərilə bilər”.

Son xəbərlər
Digər xəbərlər