Neftin qiyməti OPEC və kartelə üzv olmayan ölkələrin hasilatı azaltması ilə bağlı qərardan sonra 55 dollar/barelə yaxın səviyyədə sabitləşib.
Analitik qrupu bildirir ki, qiymət sabitliyi uzun müddət davam etməyə bilər. Buna səbəb isə bu dəfə neftə tələbatın azalması amili göstərilir. Belə ki, Çin kimi əsas neft istehlakçısı və alıcısı olan ölkələrin neftə tələbatı artıq əvvəlki səviyyədə deyil. Bundan başqa, ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini getdikcə, mərhələli şəkildə artırması inkişaf etməkdə olan ölkələrin iqtisadi artım tempini aşağı salacaq və bu kateqoriyadan olan ölkələrin neftə tələbatını azaldacaq.
Bununla yanaşı, 2017-ci il üçün də neftə tələblə bağlı proqnozlar getdikcə azaldılır. Belə ki, Beynəlxalq Energetika Agentliyinin (İEA) gələn il neft tələbatının artım tempinin 1,3 mln. barel/günədək azalacağını düşünür. Qeyd edək ki, bu il artım 1,4 mln. barel/gün, 2015-ci ildə isə 1,9 mln. barel/gün olub. OPEC öz növbəsində 2017-ci ildə neft tələbatının 1,15 mln. barel/gün, “Citigroup” isə 1,1 mln. barel/gün artacağını proqnozlaşdırır. Bu zəifləmənin əsas səbəbkarı kimi isə Çinin ola biləcəyi göstərilir. Belə ki, son iki il ərzində Çin neft qiymətlərinin ucuz olması səbəbindən dövlət neft ehtiyatlarını mütəmadi olaraq artırır. Bu da neftə tələbi yüksək səviyyədə saxlayıb. İndi isə neft qiymətlərindəki artım və Çinin neft anbarlarının dolması səbəbindən Çin neft alışını azalda bilər.
Digər yazı: “AMB-nin ssenariyə necə hazır olmasını yaxın günlərdə biləcəyik”
Qiymətləri azalda biləcək digər amil isə neft ixrac edən ölkələrin hasilatı azaltmasına baxmayaraq, ixracı eyni səviyyədə saxlaması ola bilər. Belə ki, dünən Rusiya Energetika Nazirliyi ölkəsinin neft ixracını azaltmayacağını bildirib. Buna səbəb isə neft hasil edən ölkələrin özündə neftə tələbatın azalması nəticəsində əlavə neftin ixrac edilməsi zərurəti göstərilir. Buna həmçinin ABŞ-da şist neft hasilatının artması amilini əlavə etsək, qiymətlərin müəyyən dövrdən sonra kəskin azalacağı istisna edilmir.
“Report”un analitik qrupu “Brent” markalı neftin qiymətinin yaxın iki il ərzində yenidən 20-30 dollar/barel diapazonuna geriləyəcəyini proqnozlaşdırır.