1 C
Baku
Saturday, December 14, 2024

Qırğızıstan və Tacikistan sərhəd münaqişəsinə son qoymaq barədə razılığa gəldilər

Qırğızıstan və Tacikistan sərhəd münaqişəsinə son qoymaq üçün bəyanat imzalayıblar.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki,  bu barədə Qırğızıstan hökumətinin Batkən bölgəsindəki səlahiyyətli nümayəndə Omurbek Suvanaliyev məlumat verib.

“Tacikistan və Qırğızıstan sərhəd münaqişəsi ilə bağlı ortaq bəyanat imzalayıblar. Bəyanat Tacikistan Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri Saymumin Yatimov və mən tərəfindən imzalanıb”, – deyə Suvanaliyev bildirib.

Bundan əlavə, tərəflər hərbçilərini və hərbi texnikalarını sərhəddəki münaqişə bölgəsindən çıxarmaq barədə razılığa gəliblər. Hal-hazırda toqquşmalar dayanıb və atışma yoxdur.

Xatırladaq ki, Tacikistan və Qırğızıstan arasında hərbi toqquşma çərşənbə günü gecə saatlarında başlayıb. Hadisədən bir gün əvvəl tərəflər arasında “Qolovnoy” su paylama məntəqəsi ərazisində qarşıdurma baş verib.

Hər iki respublika qoşunlarını toqquşmanın baş verdiyi əraziyə yerləşdirib. Axşam saatlarında tərəflər razılığa gəlib və hərbi qüvvələrini geri çəkib. Qeyd edildiyi kimi, toqquşma nəticəsində 13 nəfər həlak olub, 121 nəfər zərər çəkib.

Qırğızıstan Baş Prokurorluğu Tacikistanla sərhəddə baş vermiş atışma ilə bağlı istintaq aparır. Səlahiyyətli orqan Tacikistanın hərəkətlərinin Qırğızıstanın suverenliyinə və bütövlüyünə qarşı planlı təxribat və təcavüzə dəlalət etdiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər