Braziliyanın Rio-de-Janeyro şəhərinin meri Eduardo Pays cümə axşamı kriptovalyuta yaratmaq və büdcə vəsaitlərinin bir hissəsini aktivlərə yatırmaq niyyətini açıqlayıb.
Banker.az xəbər verir ki, “Biz “Cripto Rio” yaradacağıq və xəzinənin 1%-ni kriptovalyutaya yatıracağıq”, – deyə Eduardo Pays söyləyib. O həmçinin şəhərin liman ərazisində xüsusi iqtisadi zona yaratmaq və orada qeydiyyatdan keçəcək yüksək texnologiya şirkətlərini vergidən azad etmək istədiyini qeyd edib.
Metropolisin iqtisadi inkişaf departamentinin rəhbəri Fransisko Bulhoysin sözlərinə görə, Rio-de-Janeyro büdcə vəsaitlərini kriptovalyutalara yatırmağa başlayan ilk şəhərlərdən biri ola bilər. “Biz artıq vergi güzəştlərini təsdiq etmişik və liman ərazisinə yeni oyunçuların cəlb edilməsində çox maraqlıyıq”, – qəzet rəsminin sözlərindən sitat gətirir.