14 C
Baku
Thursday, March 28, 2024

Robert Kiyosakinin uğur qazanmaq sistemi

Həyatda uğur qazanmağın yollarını göstərən, ən vacibi zənginlik olduğunu bildirən bir sıra tanınmış sistemlər mövcuddur. Onların hər birinin öz üstünlükləri və mənfi cəhətləri var. Ən çox tədqiq olunmuş sistemlərdən biri amerikalı milyoner Robert Kiyosakiyə məxsusdur. O bu sistemi özünün “Varlı ata, kasıb ata”, həmçinin “Pul axını kvadrantı” kitablarında ətraflı şəkildə izah edib. Bu əsərləri tam oxumamağınız üçün (halbuki, oxumağı tövsiyə edirik), burada əsas postulatlardan bəhs edəcəyik.  


Postulat №1. Siz həqiqətən, ürəkdən varlanmaq istəməlisiniz. Başqa sözlə, indiki vəziyyətinizə, istədiyiniz qədər pul qazanmağa imkan verməyən işinizə nifrət etməlisiniz. Bəli, nifrət yaxşı hiss deyil, lakin inanın, yoxsulluğa nifrət etmək faydalıdır.

Postulat №2. Varlı olacağınıza əmin olmalısınız. Hər hansı ideyanızın həyata keçə bilməyəcəyi, biznesinizin elə başlanğıcda iflas edəcəyi haqda düşünməyin. Pis fikirlər pis hadisələri cəlb edir. İstənilən vəziyyətdə qələbənizə inanmalısınız. Sadəcə varlanmaq istəmək və həqiqətən varlanacağınıza inanmaq fərqli anlayışlardır.   

Postulat №3. Pullarınızı itirməkdən qorxmayın. Heç nə itirmədən varlı olmaq mümkün deyil. Varlanmaq üçün pullarınız daim sizə işləməlidir. Bir çox insanın yoxsul qalmasının əsas səbəblərindən biri də budur – onlar artıq yığa bildiklərini itirməkdən qorxurlar.

Postulat №4. Pullar işləməlidir. Alınmış istənilən əşya, xüsusilə söhbət dəbdəbədən gedirsə, sizə gəlir gətirə biləcək pulların bir hissəsinin faydasız olaraq qalması deməkdir. Yadda saxlayın, ilk növbədə investisiya, sonra isə digər şeylər. Eyni şey bank əmanətlərinə də aiddir. Bankda vəsaitləriniz kiçik faiz gətirsə belə, ilk növbədə orada onlar saxlanacaq, işləməyəcək.

Postulat №5. Şəxsi biznesinizə başlamaq üçün hazırlıqlı olmalısınız. Başqa sözlə, siz qorxmadan işinizi atmağa və şəxsi biznesinizlə məşğul olmağa hazır olmalısınız. Çoxlarının zəngin olmamasının ikinci əsas səbəbi də işini itirəcəyinə görə pulsuz qalmaq qorxusudur. Qorxmamaq üçün anlamalısınız ki, mövcud işinizdə kimsə üçün pul qazanırsınız, şəxsi işinizdə isə yalnız özünüz üçün işləyəcəksiniz.

Postulat №6. Kiçik kapital belə düzgün sərmayə olunduqda bir neçə dəfə arta bilər. Az miqdarda pulunuz olsa belə, bu o demək deyil ki, ondan əsl sərvət yarana bilməz. Sizə lazım olan sadəcə düzgün investisiyadır. Malik olduğunuz kiçik məbləği xərcləməkdən qorxmayın.  

Postulat №7. Pulu sevməlisiniz. Siz pul haqqında danışmalı, pul haqqında verilişləri izləməli və pul qazanmaq üçün yeni yollar axtarmalısınız.

Yadda saxlayın ki, işlənmiş istənilən sistem, qayda, aksiomlar və s. adi teoremdir. Onlar sizə pul qazanmaq üçün canlı təcrübə verməyəcəklər. Bu yalnız sizdən asılıdır. Qaydalar isə sizə ancaq doğru istiqaməti seçməyə kömək edəcək!

Son xəbərlər
Digər xəbərlər