Ukrayna 3 gün ərzində nələri bacardı:
– ən çətin olanı bacardı. İlk günün şokunu atlatdı;
– müvəffəqiyyətlə dirəndi və hakimiyyət dəyişikliyinə indiyə qədər imkan vermədi;
– dünyanın Rusiyaya qarşı səfərbər olmasına imkan və zaman qazandırdı;
– ordu və xalqı qısa müddətdə səfərbər etdi;
– öz hərəkətləri ilə dünyanın simpatiyası və alqışını qazandı;
– Rusiyanın təkcə enerji bazarlarından deyil (belə davam etsə yaxın 2-3 ildə Rusiya dünyanın enerji bazarında olmayacaq), ən qısa müddətdə (cəmi 3 gün ərzində) dünyanın iqtisadi və maliyyə sistemindən, o cümlədən SWIFT-dən çıxarılmasına nail oldu;
– bir ölkənin SWIFT-dən çıxarılmasının mesajı budur: dünyanın böyük gücləri həmin ölkəni dünyanın maliyyə sistemində görmək istəmirlər. Bu səbəbdən SWIFT ən son vasitə kimi qeyd olunurdu;
– Ukraynaya yardımlar (o cümlədən Almaniya daxil olmaqla NATO-dan silah yardımı) getdikcə artır və artacaq;
– Ukrayna növbəti 40 saat, bazar ertəsi günü maliyyə bazarlarının açılmasına qədər dirənsə, Rusiya iqtisadiyyatında baş verəcəkləri təsəvvür etmək çətin deyil. İnvestorlar rus şirkətlərinin səhmlərini satmaq üçün, rublu xarici valyutaya dəyişmək üçün, banklardan depozitlərini çəkmək üçün səbrsizliklə gözləyirlər. Rus rublu ciddi təzyiq altına düşəcək. Bank sisteminin səhmləri və vəziyyəti çox çətin olacaq. Bu şəraitdə Rusiya ümumiyyətlə birjalarını açacaqmı?
– Əminəm ki, Rusiya düşdüyü tələni yavaş-yavaş anlamaqdadır;
– Ukrayna Rusiya iqtisadiyyatı və maliyyə sistemi üçün bataqlıq oldu;
– böyük dövlətlər içərisində Rusiya prezidentinin əlaqə saxlaya bildiyi bir neçə lider qalıb. Yeganə NATO ölkəsi isə Türkiyədir. Heç bir NATO ölkəsi Rusiya ilə dialoqa girmir;
– Rusiya məsələnin ciddiliyini anlayıb Moskva küçələrində nüvə başlıqları daşıyan raketlərini nümayiş etdirməklə heç nəyə nail olmadı, əksinə, SWIFT-dən çıxarılmasını sürətləndirdi;
– Rusiya ciddi strateji səhvə yol verdi. Bu birinci dəfə deyildi. 2020-ci ilin martında Rusiya Səudiyyə Ərəbistanı ilə prinsipə girərək neftin istehsalını azaltmadı, Brend markalı neftin bir bareli 0 dollara, WTI markalı neftin bir bareli -37 dollara düşdü. Rusiya geri addım atmaram desə də 1 ay keçməmiş danışıqlar stoluna qayıtdı. Yəni, Rusiya strateji addımlarda nəticələri hesablamaqda ciddi səhvlərə yol verir;
– Bu dəfə isə Rusiya sanksiyalara hazır olduğunu bildirir. Hansı sanksiyalara? Bir dövlət hər hansı zərbələrə o zaman hazır olur ki, o zərbələri gözləsin. Bu sanksiyalar paketini bu qədər geniş və sürətli bir şəkildə heç kim, o cümlədən Rusiyanın özü gözləmirdi.
Rusiya araşdırma-analitik təhlil-strateji inkişaf məsələlərinə ABŞ, Çin, Yaponiya, Cənubi Koreya, Avropa kimi milyard dollarla xərcləmir. Bütün gedişləri hesablaya bilmir. Tam olaraq, “nüvə silahım var, bizə heç kim heç nə edə bilməz” deyən keçmiş SSRİ kimi…
– əziyyət çəkən isə Rusiya və Ukraynada yaşayan sülhsevər günahsız insanlar, xalqlardır. Sanksiyaların təsirləri bazarlar açıldıqda özlərini göstərdikcə rus xalqı da düşdükləri vəziyyətin getdikcə necə ağırlaşdığını görəcək;
– milyardlarını itirən və itirməkdə olan oliqarxlar da başqa bir mövzu..