13 C
Baku
Friday, March 29, 2024

Rusiya bankları plastik kartların 50%-ə qədərini rəqəmsal analoqla əvəz edəcəklər

Rusiyanın ən böyük bankları plastik kartların kütləvi buraxılışından imtina etməyə və onları rəqəmsal kartlarla əvəz etməyə qərar veriblər. Məsələn, 2023-cü ilin sonuna qədər “Sberbank” kartların 50%-ni yalnız rəqəmsal formatda buraxmağı planlaşdırır. İkinci ən böyük bank olan “VTB”nin də oxşar planları var: o, 2023-cü ilə qədər bütün bank kartlarının 40%-ni rəqəmsal formatda buraxmaq istəyir. 

Qeyd edək ki, rəqəmsal bank kartları onlayn bankçılıq vasitəsilə verilir və funksionallıq baxımdan plastik kartlardan fərqlənmirlər. Belə kart yalnız onlayn deyil, həm də mağazalarda istifadə edilə bilər. Bunun üçün onu mobil cüzdana yükləmək tələb olunur – Apple Pay, Samsung Pay, Android Pay və ya Mir Pay (yalnız Rusiyada). 

Rusiyanın “Sankt-Peterburq” bankı da yaxın gələcəkdə “plastikdən” imtina etməyi planlaşdırdığını açıqlayıb. “Hal-hazırda kartların üçündən biri yalnız rəqəmsal formatda buraxılır”, – deyə bankın nümayəndələrindən biri olan Sergey Mişanin söyləyib. “Rosbank”da rəqəmsal kartların payı hələki cəmi 20% təşkil edir və direktor müavininin bildirdiyi kimi, 2021-ci ildə bu göstəricinin iki qat artırılması planlaşdırılır. 

“Qazprombank” plastik kartların həcmini azaltmağı planlaşdırmır, lakin rəqəmsal kartları aktiv şəkildə inkişaf etdirəcək. “Bir sıra hallarda plastikə ehtiyac var və müştərilər buna alışıblar, bu səbəbdən onun populyarlığı azalmayacaq. Eyni zamanda mövcud vəziyyət rəqəmsal kartlara böyük əhəmiyyət verməli olduğumuzu göstərir”, – deyə bankın rəsmi nümayəndəsi açıqlama verib. “Rayffayzenbank” və “Home Kredit” bankları rəqəmsal kartların emissiyası haqqında hələ indi-indi düşünməyə başlayırlar. Onların sözlərinə görə, yaxın gələcəkdə plastik kartlara tələbat yüksək olaraq qalacaq. 

Niyə banklar plastikdən imtina edirlər?

Plastik istehsalının azalmasına iki amil təsir göstərir: bir tərəfdən, banklar ESG gündəmində (Environmental, Social and Corporate Governance – ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) fəal şəkildə iştirak etməyə başlayırlar, buna görə plastik istehsalındakı azalma məntiqli addım kimi görünür. Digər tərəfdən, Rusiya bazarındakı istifadəçilər son dövrlərdə rəqəmsal kartlara üstünlük verməyə başlayırlar. 

Ekspertlərin fikrincə, plastik bank kartlarının rəqəmsal analoqla əvəz edilməsi, təkrar emal olunmayan tullantıların həcmini azaldacaq və onların istehsalı üçün tələb olunan resurslara qənaət edəcək. Bildiyimiz kimi, bank kartlarının utilizasiyası olduqca mürəkkəb bir prosesdir, çünki onlar 200 dərəcəyə qədər qızdırıldıqda zərərli maddələr buraxmağa başlayan materialdan (polivinilxlorid) hazırlanırlar. Bundan əlavə, plastik istehsalının azaldılması istehsal və logistika xərclərini azaltmağa, o cümlədən bank işçilərinin yükünü azaltmağa kömək edəcək. 

Rəqəmsal kartların perspektivləri

Rəqəmsal kartlar ilk növbədə rəqəmsal kanallarda aktiv olan müştərilər üçün uyğundur. Eyni zamanda təmassız ödəmələrin və e-ticarətin artması ilə “plastikə” ehtiyac azalır. Ekspertlərin sözlərinə görə, elektron kartlar getdikcə daha çox populyarlıq qazanacaq, çünki onlar daha sürətli rəsmiləşdirilir və bu cür kart itirilə bilməz. 

Əlbəttə ki, plastik kartların tamamilə rəqəmsal kartlarla əvəz edilməsi haqqında danışmaq hələ tezdir, çünki müştərilərin böyük hissəsi hələ də plastik kartlardan istifadə edir və rəqəmsal alternativə güvənmir. 

Son xəbərlər
Digər xəbərlər