9 C
Baku
Thursday, December 12, 2024

Sevda Haqverdiyeva: “Ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasını təşviq edirik”

2019-cu ilin sonlarında Kapital Bank-ın könüllü əməkdaşları tərəfindən təşəbbüs qrupu kimi yaradılan, daha sonra isə fəaliyyətini Fond olaraq davam etdirən Qırmızı Ürəklər ehtiyacı olan insanların həyatına, həyatın müxtəlif sahələrinə dəyər qatmağa çalışır. Qırmızı Ürəklər Fondu “Tarix yazan qəhrəmanlar”, “Vətən bağı”, “Hər şey mümkündür”, “Onlar bizə əmanətdir”, “Qırmızı Ürəklər təhsil təqaüdü proqramı”, “Batareyaları təhvil ver, təbiəti qoru” və bir sıra digər sosial layihələri keçirməklə yanaşı, şəhid ailələrinə və qazilərə, uşaq evlərinə və sığınacaqlara, aztəminatlı ailələrə dəstək göstərir. Qırmızı Ürəklər Fondunun 2023-cü ilin ilk 6 aylıq fəaliyyəti barədə məlumat almaq üçün Fondun prezidenti Sevda Haqverdiyevadan müsahibə götürdük.

  • Sevda xanım, Qırmızı Ürəklər Fondu artıq 3 ilə yaxındır ki, fəaliyyət göstərir. Fond bu il hansı layihələri həyata keçirib?
  • Əvvəlcə onu qeyd edim ki, Qırmızı Ürəklər Fondu 3 istiqamət üzrə fəaliyyət göstərir: Ətraf mühit, Cəmiyyət və Heyvanlar. Məhz bu istiqamətlər üzrə donorların, xeyirxah insanların ianələri hesabına ilk gündən bəri müxtəlif layihələr və yardım aksiyaları həyata keçiririk. Həmçinin Fondumuz bir çox yerli şirkətlərin korporativ sosial məsuliyyət (KSM) layihələrində tərəfdaş və təşkilatçı qismində də çıxış edir.

Builki layihələrə gəldikdə isə 2023-cü ilin ilk 6 ayı ərzində “Vətən bağı”, “KitabGəzər”, “Tarix yazan qəhrəmanlar”, “Hər şey mümkündür”, “Batareyaları təhvil ver, təbiəti qoru”, “Qırmızı Ürəklər təhsil təqaüdü proqramı” layihələrini, “Təmiz mühit, təmiz gələcək” təmizlik aksiyalarını, “Türkiyə üçün bir ürək olaq!” ianə toplama aksiyasını gerçəkləşdirmişik. Bundan başqa, ehtiyacı olan insanlara xüsusi və əlamətdar günlərdə ərzaq yardımının göstərilməsi, aztəminatlı müharibə iştirakçılarının ailələrinin himayə edilməsi, şəhid ailələrinin fərdi yaşayış evi ilə təmin olunması, “Campbell Biologiya” kitabının nəşr olunması kimi bir çox təşəbbüsümüz olub. Bir sözlə, Fondumuz könüllülərin iştirakı ilə həyata keçirtdiyi sosial layihələrlə ilin birinci yarımilliyində də yüzlərlə insanın həyatına toxunuşlar edərək onların simasında təbəssüm yaratmağa çalışdı.  

  • Sizin də qeyd etdiyiniz kimi, bu layihələrin gerçəkləşməsində Qırmızı Ürəklər Fondunun könüllülərinin də böyük rolu var. Həmin könüllülər əsasən kimlərdir?
  • Fəxrlə deməliyik ki, Fondumuzun könüllülərinin 90%-i məhz Kapital Bank-ın əməkdaşlarıdır. Digər 10%-i isə İkinci Qarabağ müharibəsi zamanı Fondun fəaliyyətinə könüllü dəstək olan, fərqli-fərqli sahələrdə çalışan şəxslərdir. Həmin şəxslər müharibənin bitməsindən 3 ilə yaxın keçməsinə baxmayaraq Fondun fəaliyyətinə hələ də öz töhfələrini verirlər. Onlar öz işlərindən əlavə, sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq, cəmiyyətimizə xidmət edirlər. Könüllülərin Fonda verdiyi töhfəni ürəkdən alqışlayırıq.
  • Azərbaycanda ianəçilik mədəniyyətinin formalaşmasında böyük xidmətləri olan fondlardan biri də sizin rəhbərlik etdiyiniz Qırmızı Ürəklər Fondudur. İanəçiliklə bağlı sizə iki sualımız olacaq. Bu istiqamətdə çalışdığınız müddətdə daha çox fərdi ianələrlə rastlaşmısınız, yoxsa korporativ?
  • Əslində bu müqayisəni təhlil etməyi bir o qədər də düzgün hesab etmirəm. Təbii ki, şirkətlər məbləğ baxımdan fərdlərdən daha çox vəsait ianə edir. Bu da onların korporativ qurum olmalarından irəli gəlir, amma onu da qeyd edim ki, ianə edən şirkətlərin sayı elə də çox deyil. Bu gün Fondumuzun həyata keçirdiyi sosial layihələrə ianə edən minlərlə insan var. Həyata keçirilən bu sosial layihələr fərdi və hüquqi şəxslərin ianələri hesabına baş tutur.
  • Bəs vətəndaşlar arasında ianəçiliyin təşviqi işini necə həyata keçirirsiniz?
  • Sizə bir nümunə çəkmək istərdim. Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alındı. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə Qırmızı Ürəklər Fondu “Türkiyə üçün bir ürək olaq!” adlı yardım vəsaitinin toplanılması aksiyasına start verdi. Biz bu aksiya üzrə ianələrin yığılmasını 3 kanal vasitəsilə həyata keçirirdik. İnsanlar Birbank mobil tətbiqi, https://redhearts.az veb-saytı və Kapital Bank terminalları ilə öz ianələrini edə bilirdilər. Layihə çərçivəsində 26 000-dən çox insanın ianəsi hesabına 742 245 manat vəsait toplandı. Üstəlik ianə edənlərin böyük əksəriyyəti fərdi şəxslər idi. Fərdi şəxslərin ianələri ilə qısa bir müddət ərzində bu qədər vəsaitin toplanması heç də kiçik bir iş deyil. Burada diqqət çəkən əsas məqamlardan biri də daha çox insanı yardımsevərliyə çağırmaq və xeyirxahlıq prinsiplərini yaymaq idi. İanəçilik yayılan mədəniyyətdir. İnsanlar bir-birindən ilham alaraq daha çox vətəndaşın ianə etməsinə səbəb olur. Sözsüz ki, burada şəffaflıq da əsas məsələlərdən biridir. İanəçi əmin olmalıdır ki, ianə toplayan qurum işi məsuliyyətlə görür. Qırmızı Ürəklər Fondu da bu məsuliyyəti öz dəyərləri ilə tam üzərinə götürür.
  • Bu ilin ən yaddaqalan hadisələrindən birini danışa bilərsiniz?
  • Bu il ən yaddaqalan hadisələrdən biri Türkiyədə baş vermiş zəlzələ zamanı xalqımızın göstərdiyi həmrəylik, xeyirxahlıq və mənəvi dəyərlərə sadiqlik oldu. Kapital Bank-ın Lənkəran filialına yaxınlaşan 87 yaşlı Mirzə babanın təqaüdünü “Türkiyə üçün bir ürək olaq!” aksiyasına ianə etməsi, Qazax, Xaçmaz, Tovuz və digər rayonlarda yaşayan məktəblilərin ailələri tərəfindən verilən xərcliklərini toplayıb Fonda bağışlamaları bunun bariz nümunəsidir. Kiçikdən böyüyə hər kəs Türkiyə üçün bir ürək oldu. Bu kimi hadisələr bir daha onu sübut edir ki, Azərbaycan xalqı böyük ürəyə sahibdir. Biz həyata keçirdiyimiz bu kimi sosial layihələrlə ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasını təşviq edirik. Gördüyümüz işlərlə qürur duyuruq.
  • Bəs Qırmızı Ürəklər Fonduna necə dəstək göstərmək olar?
  • Hər kəs Fondun veb-saytına (https://redhearts.az) daxil olub ianələr edə və bununla bizim fəaliyyətimizə dəstək göstərə bilər. İanələri Kapital Bank terminalları, o cümlədən Birbank mobil tətbiqi ilə də etmək mümkündür. Həmçinin onu da qeyd edim ki, sosial şəbəkələrdəki səhifələrimizdə müxtəlif fəaliyyətlərlə bağlı çağırışlar yerləşdirilir. Veb-saytımız vasitəsilə bizimlə birbaşa əlaqə saxlamaq da mümkündür. Biz fəaliyyət istiqamətlərimiz və resurslarımız çərçivəsində bütün təklif və rəylərə açığıq. Verilən hər bir töhfə həyata keçirdiyimiz layihələr üçün olduqca vacibdir.
Son xəbərlər
Digər xəbərlər