Azərbaycanda milli valyutanın ötən ilin dekabr ayında həyata keçirilən ikinci devalvasiyasından sonra korporativ tibbi sığortaya maraq azalıb. Bunu açıqlamasında sığorta məhsullarının satışı ilə məşğul olan “AS Prof”sığorta agentliyinin direktoru Cahid Qurbanov bildirib.
Onun sözlərinə görə, devalvasiyadan sonra şirkətlər tibbi sığorta ilə bağlı xərclərini azaldır: “Kommersiya təşkilatları qənaət rejiminə keçib, əgər işçini ixtisar etmirlərsə, onun tibbi sığortasına çəkilən xərci ixtisar edirlər. Bu da son nəticədə korporativ tibbi sığorta bazarının həcmini azaldır”.
Bundan başqa, ilin əvvəlindən kasko sığortasına da maraq nəzərə çarpacaq dərəcədə azalıb. “Avtomobil sahibləri artıq bu məhsulu minimum istehlak səbətinə daxil etmirlər”, – deyə C.Qurbanov qeyd edib.
Kasko sığortasına maraq azalsa da, əvəzində avtomobillərin icbari sığortasına maraq artıb. “AS Prof”unrəhbərinin sözlərinə görə, martın 1-dən İnzibati Xətalar Məcəlləsinin dəyişməsi, icbari sığortasız avtomobillərin radarlar tərəfindən qeydə alınması və avtomobil sahiblərinin avtomatik cərimələnməsi sürücüləri mülki məsuliyyətini sığortalamağa məcbur edir.
“Əvvəllər sürücülər düşünürdülər ki, yalnız yol polisi onları saxlayarsa, icbari sığortanın olub-olmadığını biləcək. İndi isə vəziyyət dəyişib. Sığortası olmayanlar yola çıxan kimi cərimələnir. Odur ki, avtomobillərin icbari sığortasına kütləvi axın var”, – deyə C.Qurbanov bildirib.
Report