15 C
Baku
Saturday, April 27, 2024

Şri-Lanka beynəlxalq ictimaiyyətdən yardım istəyib

Şri-Lanka Prezidenti beynəlxalq ictimaiyyətdən yardım istəyib.

Banker.az xəbər verir ki, Tokioda Nikkei tərəfindən təşkil edilən “Asiyanın Gələcəyi” tədbirində onlayn çıxış edən Şri- Lanka Prezidenti Qotabaya Rajapaksa “Hazırda bütün Şri-Lanka əhalisinin həyatına dərindən təsir edən və sosial iğtişaşlarla nəticələnən ciddi iqtisadi böhran yaşayırıq” deyib. O, dərman və qida təchizatı kimi təcili ehtiyacların ödənilməsi üçün beynəlxalq ictimaiyyətin təcili yardımına ehtiyacları olduğunu bildirib.

İqtisadi böhranın səbəbi kimi Covid-19 pandemiyası və dünyada yüksək inflyasiyanı göstərən Rajapaksa epidemiyanın uzunmüddətli nəticələrindən digər xalqların da təsirlənə biləcəyini söyləyib.

Rajapaksa “Bu cür problemlərdə bu həssas xalqlara dəstək regional və qlobal sabitlik üçün çox vacibdir” ifadəsini işlədib.

Qeyd edək ki, tarixinin ən böyük iqtisadi böhranı ilə üzləşən Şri-Lankada etirazlar martın sonunda gündə 13 saat elektrik kəsilməsindən sonra şiddətlənib. Mayın 9-da ölkədə Baş nazirin ofisinin ətrafına toplaşan nümayişçilər ilə hökumət tərəfdarları arasında toqquşma olub, paytaxt Kolomboya hərbi hissələr cəlb edilib.

Müxalifətin artan təzyiqindən sonra Baş nazir Mahinda Rajapaksa mayın 9-da istefa verib. Baş nazirin istefası ilə əlaqədar kabinet də buraxılıb. Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa mayın 12-də Ranil Vikremesinqheni Baş nazir təyin edib. Vikremesinqhe əvvəllər ölkədə üç dəfə Baş nazir təyin olunub.

Zorakılıq hadisələrindən sonra ölkə üzrə küçəyə çıxma qadağası elan edilib və hökumət etirazlar zamanı ictimai əmlaka və ya başqalarına zərər vuran hər kəsə atəş açmağı əmr edib. Ölkəyə yayılan etirazlarda aralarında hakim partiyanın millət vəkili və 2 polis əməkdaşı olmaqla 8 nəfər həyatını itirib, 250 nəfər yaralanıb.

Şri-Lanka əhalisi hazırda yanacaq çatışmazlığı, elektrik enerjisinin kəsilməsi, ərzaq və nəqliyyat qiymətlərinin artmasına görə çətin günlər keçirir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər