Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi olan Svtelana Tixanovskaya müxalifət tərəfdarlarının sona qədər gedəcəyini deyib.
Bunu müxalifət lideri Svetlana Tixanovskaya “Exa Moskvı” radiosuna deyib.
“Etirazlar səngimir, həmişəki kimi davam edir. Əlbəttə ki, həftə ərzində haradasa intensivlik aşağı düşə bilər, ancaq həftə sonu hər şey normala qayıdır. Əsas səbəb odur ki, insanlar artıq keçmiş prezidenti qəbul etməyə hazır deyillər, onlar ona olan inamı itiriblər, biz qələbəyə qədər gedəcəyik”, – deyə Tixanovskaya qeyd edib.
O bildirib ki, ölkədə etirazlar dinc şəkildə davam edəcək.
“Belaruslar dinc xalqdır və biz heç bir halda bu xətti keçməyəcəyik. İnsanlar bir şey istəyirlər: Lukaşenkonun getməsini. Buna dinc nümayişlər və tətillərlə nail olacağıq”, – deyə müxalifət lideri vurğulayıb.