Türkiyədə koronavirusun “delta” ştammına yoluxma demək olar ki, üç dəfə artaraq 750 nəfərə çatıb.
Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Koca məlumat verib.
“Ölkənin 36 əyalətində “delta” ştammına son bir həftədə yoluxma təxminən üç dəfə artıb. “Delta plus” ştammına gəldikdə, indiyədək koronavirusun bu növünə yoluxma hadisəsi qeydə alınmayıb”, – deyə Koca jurnalistlərə bildirib.
Mümkün məcburi vaksinasiyaya dair suala Koca “bu məsələnin gündəmdə olmadığını və Türkiyənin inandırma üsuluna üstünlük verdiyini” söyləyib.
“Vaksinasiya bir qədər sürətlənib, lakin hələ də qənaətbəxş səviyyədə deyil. Peyvənd olunmuş insanların sayı az olan bölgələrdə yoluxmanın 20% artdığımı müşahidə edirik”, – deyə nazir əlavə edib.
Xatırladaq ki, Türkiyədə vaksinasiya yanvar ayında “CoronaVac” peyvəndi ilə başlayıb, mart ayında ölkəyə “Pfizer/BioNTech” peyvəndi gətirilib. Bununla yanaşı, aprel ayında Türkiyə “Sputnik V” peyvəndinin istifadəsinə icazə verib. Ümumilikdə 38 milyon Türkiyə vətəndaşı bir doza, 17 milyonu isə iki doza peyvənd vurdurub.