Yeni ilin gəlməsinə təxminən 1 ay vaxt qalıb. Azərbaycanda bəziləri qış tətilini ölkəmizdə, bir qisim isə xaricdə keçirmək istəyir. Azərbaycan Turizm Assosiasiyasının sədri Müzəffər Ağakərimov açıqlamasında bildirib ki, yaxşı olar ki,vətəndaşlarımız Yeni ili vətəndə keçirsinlər:
“Ölkəmiz çox gözəldir və ölkəmizdə qış turizmi üçün gözəl infastruktur yaradılıb. Amma ümumi götürsək, Yeni il şənliyi keçirmək məqsədilə xaricə getmək istəyən vətəndaşlarımız daha çox əsasən Türkiyə və Dubaya səyahət edirlər. Ölkəmizdən Qərbi Avropaya üz tutanlar da var”.
Müzəffər Ağakərimovun sözlərinə görə, bununla yanaşı, Azərbaycana da Yeni il ərəfəsində müxtəlif ölkələrdən turistlər gəlir:
“Bu ölkələrdən Rusiyanı xüsusilə qeyd etmək olar. Mən inanıram ki, ərəb ölkələrindən də Yeni il ərəfəsində gələn turistlərin sayı çox olacaq”.
M.Ağakərimov qeyd etdi ki, turistlərin ölkəmizə marağını artırmaq üçün turizm şirkətləri maraqlı, əyləncəli proqramlar tərtib etməlidirlər. Proqramlar eyni olmamalıdır, ildən- ilə onlar dəyişməli,yeniliklər gətirilməlidir.
Müzəffər Ağakişiyevin sözlərinə görə, xaricilər daha çox Şəki, Qəbələ, Quba, Qusar, Zaqatala, Qax, Lerik və Şamaxı bölgələrinə üz tuturlar:
“Xaricilər əsl qış turizmi görmək üçün dağlıq bölgələrimizə üz tuturlar. Bu zonalara xarici vətəndaşların üz tutmasının səbəblərindən biri də odur ki, bu zonalarda gözəl infrastruktur yaradılıb. Qusarda 4 otel var, kanat yolları çəkilib, Qəbələnin Tufandağ bölgəsindəki kanat yolları Qusardakından da çoxdur. O zonalarımıza daha çox turistlər gəlir ki, orada turistlərin dincəlməsi üçün, ailəvi istirahət üçün bütün şərait var”.
Müzəffər Ağakişiyev qeyd edib ki, qış turizm dövründə İndoneziya və Misirə getmək məsləhət deyil. İndoneziyanın Bali adasında baş verən vulkan püskürməsi özünü göstərdi və bu ölkəyə getmək təhlükəlidir. Bundan başqa, terrorun tez-tez baş verdiyi ölkələrə, əsasən Misirə səyahət etmək məsləhət deyil.