7 C
Baku
Thursday, December 12, 2024

Xalik Məmmədov: “Mütəxəssislərimiz alternativ enerjiyə keçidi ciddi araşdırır”

Alternativ enerjiyə keçid məsələləri – hidrogen istehsalı, bərpa olunan enerji mənbələri, plastik tullantıların təkrar emalı, biopolimerlər və s. SOCAR mütəxəssisləri tərəfindən ciddi araşdırılır.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Xəzər dənizində su səviyyəsinin enməsi nəticəsində akvatoriyanın dayaz sahələrində mövcud və perspektivdə nəzərdə tutulan quyuların istismarında problemlər yaranır. Son zamanlar gəmilərin hidrotexniki qurğulara sərbəst yan alması, işçilərin və yüklərin təhlükəsiz daşınması üçün nəzərdə tutulmuş yük və sərnişin körpülərinin konstruksiyasına müəyyən dəyişikliklər edilməsi (endirilməsi və genişləndirilməsi, bərkidilməsi) zərurətə çevrilib və təxirəsalınmaz tədbirlər həyata keçirilib”, – X. Məmmədov bildirib.

SOCAR-ın vitse-prezidenti bildirib ki, səviyyənin enməsi hidrotexniki qurğuların yükdaşıyıcı və texnoloji konstruksiyalarının, nəql borularının su səthi ilə təmas zonalarında aqressiv korroziya ehtimalını artırır: “Suyun şorluğunun yüksəlməsi, dəniz suyu istifadə edilən texniki və yanğın əleyhinə su xətlərinin və avadanlıqların korroziyaya uğrama sürətinin artmasına səbəb olur. Eyni zamanda dəniz səviyyəsinin enməsi nəticəsində suyun temperaturu da yuxarı qalxır, buxarlanmanın intensivləşməsi müşahidə edilir ki, bu da dənizdəki istehsalat sahələrində uzunmüddətli rütubətə səbəb olur və işçilərin sağlamlığına mənfi təsir edən zərərli amillərdəndir”.

“Dənizin səviyyəsi indiki intensivliklə enməyə davam edərsə, mövcud texniki imkanların saxlanılması baxımından SOCAR üçün əhəmiyyətli risklərə və əlavə maliyyə xərclərinə səbəb ola bilər. “Artıq 15 ildir ki, neft və neft məhsulları ilə çirklənmiş mədən ərazilərində rekultivasiya işləri davamlı olaraq həyata keçirilir.

Qarşımızda çətin və həlli vacib olan problemlər durur. Düşünürük ki, ilk növbədə Azərbaycan Respublikası üçün uzun və qısamüddətli iqlim proqnozu ssenariləri hazırlanmalı, şiddətli küləkli günlərin tezliyi, gözlənilən illik temperatur göstəriciləri, dəniz səviyyəsi tərəddüdləri haqqında məlumatlar əldə edilib ümumiləşdirilməlidir. İqlim dəyişmələrinin təsərrüfat fəaliyyətinə mənfi təsirlərinin qarşısının alınması, aradan qaldırılması və uyğunlaşma üçün konkret tədbirlərin və təxmini büdcənin müəyyənləşdirilməsi də təxirəsalınmadan həllini tapmalıdır”, – o əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər