2 C
Baku
Saturday, December 14, 2024

Yapon kimi olmaqmı, yapon doğulmaqmı lazımdır?

Müəllif: Rafiq Hunaltay, Marketinq Departamentinin Rəhbəri, IDEAL

Marketinqlə dolayı əlaqəsi olan tarix haqqında

Bu gün nədənsə bir çoxumuz inanırıq ki, yapon möcüzəsinin bir nömrəli səbəbi onların elə yapon doğulmağındadır. Açığı mən özüm də bir kitabı oxuyanadək belə fikirləşirdim. Ancaq bu günlərdə türk müəlliflərdən birinin “yapon yüksəlişinin tarixi” haqqında oxuduğum kitabdan sonra fikrimi dəyişdim. Bu gün də bu səbəbdən marketinqlə bəlkə də çox əlaqəli olmasa da Yaponiya tarixindən qısa yadımda qalanları paylaşacağam. Düşünürəm ki, marketinqə aid olmasa da, marketoloqlara maraqlı olacaq. Çünki bunu bilmək marketoloqlara əlavə motivasiya verə bilər. Ələlxüsus də bizim marketoloqlara özlərinə daha çox inanmaları üçün stimul ola bilər.

1882 – tarixin marketinqi?

Keçək tarixə. Burada biz yapon tarixinin önəmli hissələrini elə tarixi ardıcıllıqla qısaca xatırlayacağıq.

  • Yaponların tarixən monqollarla oxşar xüsusiyyətləri çoxdur. Hətta monqollarda olduğu kimi əvvəllər evlənərkən kişi qadının evinə köçərmiş. Sonralar bu adət dəyişib. Hətta yapon və türk dilində də bir çox oxşar sözlər var. Məsələn, su – sui, yaban – yaban, yamac – yama, iyi – ii, çox – çoo, təpə – teppen, akasiya – akaşia anlamı verir.
  • Yaponlarda imperator xalqı əsarətdə saxlamaq üçün xüsusi ordu saxlayıb ki, bunlara da samuraylar deyilirdi. Samuraylar xüsusi bir təbəqə olub istədiklərini edir, kəsdikləri başa sorğu-sual olmurmuş. Bu sistem düz 700 il Yaponiyada qüvvədə olub. Yaponiyanı da inkişafdan saxlayan ən mühüm amil də samuray sistemi olub.
  • Yaponlar uzun illər bütün qərbə və hər kəsə qapılarını bağladığından dünya yeniliklərini çox sonralar öyrəniblər. ABŞ-ın açdığı müharibədən sonra qapılarını açmaq məcburiyyətində qalıblar. O zaman ABŞ əsgərlərinin libasları, istifadə etdikləri əşyalar və s. hər şeyi yeni görürdülər. Bu onlarda o qədər maraq yaradır ki, qərara gəlirlər ki, onlar da qərblilər kimi yenilikləri öyrənməlidirlər. Açılma prosesi 1882-ci ildən başlayıb. O tarixə qədər yapon qüdrətindən söhbət belə gedə bilməzdi. Çünki bəsit alətlər belə onlarda hələ “kəşf olunmamışdı”. Hətta ilk gəmilərini belə onlara Hollandlar satmışdı.
  • 1882-ci ildən sonra 30 il ərzində gördükləri hər şeyi o qədər sürətlə mənimsədilər ki, nəinki qərblilərin hücumlarından qorunmaq, hətta özləri gəmilər istehsal etdilər və ilk olaraq Yaponiyanın dünyaya çıxışını açan ABŞ-a hücum etdilər. Yaponlar artıq qarışqa kimi bütün Avropaya yayılmağa başladılar. ABŞ-ın atdığı atom bombası ilə 260 min yapon yerindəcə ölmüşdü, yüz minlərlə insan isə tədricən xəstəlikdən həlak olurdu. Bu belə yaponların yeniliyi mənimsəmə güclərini tükəndirə bilmədi. Təzə-təzə Avropaya və Amerikaya getdiklərində yerli camaat tərəfindən aşağılanır, təhqirlərə belə məruz qalırdılar. Avropalıların unutduğu bir şey var idi – onlarda samuray ruhu vardı. Samuraylar isə heç vaxt yorulmurdu, usanmırdı, səbirlə nəticəyə doğru addımlayırdılar. Yavaş-yavaş artıq öz sözlərini deməyə başlamışdılar.

16 ilə 0-dan avtomobil istehsal etdilər

Düşünün ki, 1952-ci ildə Yaponiyada asfalt yol ümumiyyətlə yox idi. Amma onlar cəmi 16 ilə, yəni 1968-ci ildə ilk avtomobillərini istehsal etməyi bacardılar. Maraqlı bir məsələ daha vardı ki, Yaponiyada uzun müddət istirahət günü olmayıb. Yalnız 1959-cu ildən sonra ayın 2 bazar günü tətil elan edilmişdi.

“Oxuduğun hər şeyə inanacaqsansa, heç nə oxuma”

Yuxarıdakı ifadə yapon atalar sözüdür. Bu ifadə yaponlar üçün ikinci dünya müharibəsindən sonra daha aktual olmuşdu. Çünki amerikalılar atom bombasından sonra yaponlara yaşatdıqları zülmün sanki əvəzi kimi onlara kömək etmək istəyirdilər. Bunun bir üsulu kimi də yapon gənclərinin ABŞ universitetlərində təhsil almasına şərait yaradırdılar. Universitetdə hər oxuduqlarını ac qurd kimi mənimsəyən yaponlar qısa müddətdə yeniliklərə imza atacaqlardı.

Qərbi necə addım-addım qabaqladılar?

  • 1970-ci ilə qədər ABŞ-da avtomobil istehsalında qəlibləri 8 saat ərzində dəyişirdilər. Amma 1968-ci ildə ilk avotmobilini istehsal edən yaponlar 1970-ci ildə amerikalıların müştəri yönümlü olmadıqlarını və həddindən çox israf etdiklərini görüb bu iş üzərində işləməyə başladılar. Və 8 saatlıq qəlib dəyişmə işini 40 dəqiqəyə endirdilər. 10 il sonra isə 40 dəqiqəni də azaldıb 5 dəqiqəyə endirə bildilər. Konveyerdə avtomobil çıxışını 1970-80-ci illərdə Toyota 24-dən 50-ə çatdıra bilmişdi.
  • Düşünün ki, 60-cı illərdə Yaponiyada avtomobil istehsalı 200 min, ixrac isə 0 idi. 80-ci illərdə artıq istehsal 7 milyon, ixrac isə 4 milyon idi. Bu fərq cəmi 20 ilə yaranmışdı. 20 ilə 35 dəfə artıma nail olmuşdular. Çox az dövlətlərdən idi ki, ötən əsrin hər iki neft böhranından varlanaraq çıxmışdılar.
  • Yaponlar həm də ilk ölkə oldular ki, o vaxta qədər lüks sayılan saat işini kütləviliyə endirdilər. 1990-cı ildə dünyada istehsal edilən 753 milyon saatın 325 milyonu yaponların payına düşürdü. Seiko, Citizen kimi brendlər dünyaya meydan oxumağa başladı.
  • Honda, Kavasaki, Suzuki kimi motosiklet brendləri ilə bütün Avropanın motosiklet bazarını çökdürdülər. Fotoaparat istehsalında isə yapon brendləri ilə təkcə Kodak rəqabət apara bildi, video kamera istehsalında isə rəqiblərini bir-bir sıradan çıxardılar.
  • Tranzistor ABŞ-da kəşf olunmuşdu. Onun lisenziyasını alan ilk şirkət də Sony olmuşdu. Tranzistorlu radio istehsal etməyi planlaşdırırdılar. Lakin Sony şirkətinin sahibi bu ideyasını iş adamlarına təqdim edəndə hamı ona ideyasının gözəl olduğunu, lakin yapon adı ilə ABŞ bazarında uğurlu olmasının mümkün olmadığını demişdi. Əgər amerikan adı olarsa, maliyyələşdirə biləcəklərini demişdilər. Lakin Sony şirkətinin sahibi düşünüb təklifdən imtina etmişdi. O iş adamı bir gün yaponların da ABŞ brendləri kimi bir brendinin olacağına çox inandığını bildirir və bir neçə il keçir ki, buna nail ola bilir. İlk dəfə 100 min ədəd istehsal olunan tranzistorlu radio ABŞ bazarında əməlli-başlı inqilab edə bilir.

Bəli, bütün bunlar qısa bir tarixin səhifələri idi. Amma yazının əvvəlində, daha doğrusu adında olan mənaya gələk. Bütün bunları oxuduqdan sonra bəs Siz necə düşünürsünüz, yapon möcüzəsinə bənzər bir uğura nail olmaq üçün yapon kimi olmaqmı, yapon doğulmaqmı lazımdır???

Son xəbərlər
Digər xəbərlər