Yaponiya hökuməti dünyanın bütün ölkələrindən və regionlarından müvəqqəti olaraq ölkəyə girişə qadağa tətbiq edib. Bu zaman ölkəyə qayıdan yaponlar və Yaponiya ərazisində uzun müddət yaşamaq hüququna malik olan əcnəbilər istisna təşkil edəcək.
Bu barədə dekabrın 26-da hökumət tərəfindən yayılan bəyanatda bildirilib.
Sənəddə deyilir: “Məhdudiyyət bir sıra ölkələrdə koronavirusun yeni ştammının müəyyən edilməsi ilə bağlı fasiləsiz qaydada həyata keçirilən tədbirlərə uyğun olaraq tətbiq edilir”.
Qeyd edilir ki, həmin tədbir dekabrın 28-dən gələn il yanvarın sonunadək qüvvədə olacaq.
Bununla yanaşı, qısa müddətli biznes ezamiyyələrdə iştirak edən Yaponiya sakinləri üçün nəzərdə tutulan yumşaldılma da aradan qaldırılır. Həmin şəxslərin ezamiyyədən qayıtdıqdan sonra iki həftə müddətinə karantində qalmaması barədə güzəşt ləğv olunur.
Bundan əlavə, koronavirusun yeni ştammının aşkar edildiyi ölkələrdən qayıdan Yaponiya sakinlərindən son 3 sutka ərzində həmin ştammın aşkar edilməməsi barədə arayış təqdim etməsi tələb olunacaq.
Əlavə olaraq qeyd edək ki, oktyabrın 1-dən başlayaraq Yaponiya hökuməti bu ölkəyə gələn əcnəbilər üçün müəyyən yumşaltmalar tətbiq etmişdi. Həmin yumşaltmalar Yaponiyada uzun müddət yaşayan, həmçinin səhiyyə, təhsil, mədəni əlaqələr və digər məqsədlərlə gələn əcnəbilər üçün nəzərdə tutulurdu.