İsveç və Norveç elektrik enerjisinin ucuz olması sayəsində bitcoin və digər kriptovalyutaların mayninqi üçün ən sərfələri ölkələr olub.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirildiyi kimi, son 20 ildə rekord səviyyəyə çatan yüksək rütubətli hava şəraiti su elektrik stansiyalarının məhsuldarlığının artmasına səbəb olub.
“Bloomberg” qeyd edir ki, Şimali Avropadakı rütubət və mülayim istilər su elektrik stansiyalarının su anbarlarını doldurmağa imkan verib ki, bəzi aylarda elektrik enerjisinin dəyəri sıfıra yaxın olub.
Elektrik enerjisi – aviasiya anqarı ölçüsündə olan böyük kompüter fermalarından istifadə edərək kriptovalyutanın əldə edilməsinin əsas elementlərindən biridir. Bəzən bu cür mərkəzlərin işləməsi zamanı xərclənən elektrik enerji 70 min ailəyə kifayət edə bilər.
Adətən bitcoin Çin, Qazaxıstan və ya Kanadada mayninq edilir. Lakin bazarın mövcud dinamikası böyük maynerlərə digər ölkələri seçməyə imkan verir. Məsələn, Skandinaviya ölkələrində kriptovalyuta mayninqi siyasi riskləri azaldır. “Çindəki mayninqdən İsveç və Qərb ölkələrindəki mayninqə keçid çox əhəmiyyətli strateji addımdır. İnvestorlar ictimaiyyətə daha açıq olmaq istəyirlər və sabitlik axtarırlar”, – deyə Honkonqun “Genesis Mining” şirkətinin meneceri Pilip Salter söyləyib.
İsveç və Norveçin mayninq üçün sərfəli ölkələrə çevrilməsi bicoinin bahalaşması ilə üst-üstə düşüb. Xatırladaq ki, bazar günü bu kriptovalyutanın dəyəri tarixdə ilk dəfə olaraq 28 min dolları keçib. Bu, ilin əvvəli ilə müqayisədə demək olar ki, dörd dəfə çoxdur.