Rus zənginlərin xarici ofşor hesablarda gizlətikləri vəsaitin həcmi ölkənin 420 mlrd. ABŞ dollarına bərabər olan valyuta ehtiyatlarından təxminən 3 dəfə çox, 1,06 trln. ABŞ dolları təşkil edir.
“Forexpf.ru” saytına istinadən, bu barədə ABŞ-ın qeyri-kommersiya araşdırma təşkilatı olan İqtisadi Araşdırmalar Milli Bürosunun “Sovetlərdən oliqarxlara, bərabərsizlik və mülkiyyət, 1905-2016” adlı hesabatında bildirilir.
Hesabatda həmçinin qeyd olunub ki, zənginlərin xarici hesablarda gizlətdikləri vəsait ölkənin məcmu daxili aktivlərinə bərabərdir. Hesabatı tərtib edən Fransa İqtisadiyyat Məktəbindən Filip Novokmet və Tomas Piketti ilə Kaliforniya Universitetinin iqtisadiyyat fakültəsindən Qabriel Tsukman bildiriblər ki, bu vəsaitlər, əsasən, vergi dərəcələrinin aşağı olduğu Britaniya, İsveçrə, Kipr və s. kimi ölkələrdə gizlədilir. Zənginlərin xarici hesablarda gizlətdikləri vəsait bütün rusiyalıların Rusiyadakı vəsaitlərinə bərabərdir.
Hesabatda vurğulanıb ki, 1990-2015-ci illərdə yüksək ticarət profisitinə baxmayaraq, əhalinin xarici valyuta yığım səviyyəsi aşağı olub. Bunun da bir səbəbi var ki, o da kapital axını və ofşor kapitalıdır.
Hesabatda 1% zəngin insanların milli gəlirin 20-25%-nə sahib olduqları bildirilib. Gəlir bölgüsündə bərabərsizliyin Rusiyada Çin və Şərqi Avropada yerləşən digər keçmiş sosialist ölkələrlə müqayisədə ən yüksək həddə olduğu qeyd olunub.