7 C
Baku
Sunday, December 15, 2024

Ziyad Səmədzadə: “Niyə kreditlərdən qazanan banklar indi güzəştə getməsin?”

Banker.az Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik, iqtisadçı professor Ziyad Səmədzadə iqtisadi məsələlərlə bağlı  müsahibənin II hissəsini təqdim edir.

– Ziyad müəllim, Siz sonuncu dəfəf belə bir fikir söyləmisiniz ki, məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemini hazırlamağın vaxtı yetişib. Bu, nəyi dəyişə bilər?

– Bu məsələ barədə saatlarla danışmaq olar. Qısaca onu deyə bilərəm ki,  dövlətin bilavasitə dəstəyi ilə regionlarda bir sıra vacib infrastruktur layihələri həyata keçirilmiş, rayonların su, qaz, elektrik enerji təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmış, min kilometrlərlə müasir avtomobil yolları salınmışdır ki, bütün bunlar da rayonlarda istehsal müəssisələrinin, xidmət sahələrinin yaradılması üçün əlverişli şərait yaradıb. Bu dəstək indi də, bundan sonra da davam edəcək.

Regionlarda yaradılan müəssisələrdə istehsal olunacaq məhsullar ilk növbədə daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da genişləndirməlidir. Bu bir həqiqətdir ki,  rayonlarda mövcud istehsal gücləri ilə xammal resursları arasında uyğunsuzluqlar xeyli vaxtdır ki, davam edir.

Məsələn Quba-Xaçmaz iqtisadi rayonu hələ sovet dövründə SSRİ-nin ən güclü meyvə-konserv istehsal edən zonası hesab edilirdi. Təkcə Xacmaz konserv kombinatının payına respublika üzrə meyvə-konserv istehsalının 40%-dən çoxu düşürdü. Amma bu gün mövcud olan zavodların istehsal gücü tədarük edilən meyvə-tərəvəz məhsullarının emalı üçün kifayət etmir. Onu da qeyd edək ki, kəndlilər istehsal olunan məhsulu bazara çıxarmaqda, onların satışında problemlərlə üzləşirlər. Bu və ya digər rayonda əksər hallarda istehsal müəssisəsi yaradılarkən həmin müəssisənin rayona, rayonlararası iqtisadi əlaqələrin inkişafına, bütövlükdə ölkə iqtisadiyyatına, sosial göstəricilərə təsiri demək olar ki, sistemli təhlil edilmir ki, son nəticədə rayonların inkişafındakı fərqləri, uyğunsuzluqları aradan qaldırmaqda, prosesin tənzimlənməsində çətinliklər yaradır. Bütün bu amilləri nəzərə almaq üçün respublika üzrə məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemini hazırlamağın vaxtı yetişib. İqtisadiyyat Nazirliyi bu işdə təşkilatçı əlaqələndirici kimi çıxış edə bilər. Onsuz da İqtisadiyyat Nazirliyi bu işlərin müəyyən hissəsini indi həyata keçirir və bu qurumun kifayət qədər elmi potensial, güclü informasiya bazası var. Layihələrin müzakirəsi, qəbul edilməsi və təşviqi sahəsində görülən işlər və s. üstəlik də daim inkişaf etməkdə olan dövlət-özəl sektor əməkdaşlığı məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxeminin hazırlanması və onun son mərhələdə hökumətdə baxılmasını obyektiv zərurətə çevirir.

Heç şübhəsiz ki, belə bir sxemin hazırlanması və reallaşması regionların tarazlı inkişafına, urbanizasiya proseslərinin yaxşılaşmasına, milli mənafelərin bütün səviyyələrdə  qorunmasına, təbii sərvətlərimizidən daha səmərəli istifadə olunmasına və s. müsbət nəticələrə nail olmağa imkan verəcək.

– Əksər ölkələrdə sahibkarlara dövlətin bel sütunu kimi baxılır. Azərbaycanda isə bu baxış tamamilə fərqlidir. Onlara sanki alverçi kimi baxırlar və müəyyən qurumlar iş adamlarını gəlir mənbyi hesab edirlər. Siz bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

– Mən yazılarımın birində sahibkarı dövlətin, xalqın strateji resursu adlandırmışam. Həqiqətən sahibkarlıq fəaliyyəti inkişafın güclü amilidir. Unutmamalıyıq ki, sahibkarlığı inkişaf etdirməklə həqiqətən, biz güclü iqtisadiyyata malik olan dövlət ola bilərik.

Zaman keçdikcə, sahibkara sağlam baxış formalaşır. Axı 70 il sovet dövründə cəmiyyətdə sahibkara sosialist dövlətə əks bir insan kimi baxırdılar, xüsusi mülkiyyət meyilliyi sosialist cəmiyyətinin iqtisadi əsasına zərbə vuran mülkiyyət növü kimi qiymətləndirilirdi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə xüsusi mülkiyyətin formalaşması, inkişafı üçün çox böyük işlər görüldü. Onun qanunvericilik bazası yaradılıb, minlərlə sahibkar fiziki və hüquqi şəxs kimi fəaliyyət göstərir. Bu gün ölkə üzrə ÜDM-in 80 faizdən çoxu özəl sektorun payına düşür. İldən-ilə iri sahibkarlıq subyektləri yaranır. Elə bu yaxınlarda Prezident İlham Əliyevin sədrliyi ilə regionların inkişafına həsr olunmuş böyük toplantıda mənim diqqətimi çox maraqlı bir hadisə cəlb etdi: çıxış edənlər real sektorun müxtəlif sahələrini təmsil edən nüfuzlu sahibkarlar idi. Bu həqiqətən yadda qalan hadisədir. Çıxış edən sahibkarlar müstəqillik illərində fəaliyyətə başlayıb və bu gün real sektoru ləyaqətlə təmsil edən insanlardır. Onlar çoxlu maneələrdən keçiblər, çətinlikləri dəf ediblər.  Zaman keçdikcə, sahibkarlar özlərinin də sosial məsuliyyətini daha yaxşı dərk edirlər, sosial proqramların həllində fəal iştirak etməyə çalışırlar. Dövlət də bu təbəqənin daha güclü olması üçün çox faydalı tədbirlər görür.

Artıq Prezidentin tapşırığı ilə sahibkarlıq fəaliyyəti ilə bağlı bir sıra maneələr aradan götürülüb. Dəstəklər çoxalıb, onların sosial statusu üçün böyük işlər görülür. Yeri gəlmişkən onu da qeyd edim ki, siz də kifayət qədər insanları məlumatlandırırsınız. Mən o fikirlə də razıyam ki, hələ də sahibkara paxıllıqla, kinayə ilə baxanlar var. Bu və ya digər sahələrdə fədakarcasına, necə deyərlər başını aşağı salıb əzmlə, qəhrəmancasına çalışan insanlara qara yaxan, şər və böhtan atanlar var.

Bizə güclü, öz ziyalılığı, mədəniyyəti ilə fərqlənən sahibkarlar lazımdır. Bir də deyirəm: bizim sahibkarlar içərisində çoxlu halal iş quran, qazanan, xidmət göstərən iş adamları var. Onları qorumalıyıq və sağlam da təbliğ etməliyik.

– Ziyad müəllim, insanları narahat edən məsələlərdən biri də kreiditlə bağlıdır. Xarici mütəxəssislər isə Azərbaycanda insanların kredit mədəniyyəti ilə bağlı problemlərinin olduğunu iddia edirlər.

– Mən dəfələrlə bu haqda danışmışam. Bizim beynəlxalq standartlara cavab verən bank sistemimiz formalaşıb. Amma bu gün banklar islahatların səmərəliliyinə, əmanətçilərin hüquqlarının qorunmasına, özlərinə inamın artırılmasına, real sektora dəstəyin gücləndirilməsinə, ipoteka kreditlərinin xeyli hissəsinin regionlara yönəldilməsinə üstünlük verməlidirlər. Hamıya məlumdur ki, devalvasiya dövründə ən çox zərər çəkən dollarla kredit götürən insanlardır.

Mən belə hesab edirəm ki, banklar borc alanlarla yaranmış gərginliyi yumşaltmalı, hər bir müştəriyə diqqətlə yanaşmalıdır, müəyyən güzəştə getməkdən imtina etməməlidirlər.

Azərbaycan dövləti devalvasiya ilə bağlı, əhalinin sosial müdafiəsinə xidmət edən bir sıra qəti tədbirlər gördü və bu işlər yenə də davam edir, heç bir sosial proqramlar təxirə salınmadı və bundan sonra da salınmayacaq. Amma niyə  kreditlərdən xeyli miqdar xalis gəlir əldə etmiş banklar müəyyən güzəştlərə getməsin?

 Bu danışıqlarda bankla müştəri arasında aşağıdakı məsələlər üzrə bu və ya digər formada razılaşmaq olar.
Məsələn, dollarla verilən istehlak təyinatlı kreditlərin faiz ödəmələrinin dayandırılması, ödəniləcək vəsaitlərin əsas borca yönəldilməsi, yüksək faiz dərəcələrinin azaldılması, müqavilələrin müddətinin uzadılması, dollarla verilən kreditlərin köhnə məzənnə ilə hesablanması və ya müştərilərə dəymiş ziyanın qismən silinməsi…

Milli Məclisə ünvanlanan məktublarda bildirirlər ki, bəzi bank işçiləri müştərilərə diqqətsizlik və hörmətsizlik göstərir. Məhkəmə qərarı olmadan əmlakını zorla əlindən alırlar. Yaranmış gərgin münasibəti  konsensusla, barışığa nail olmaqla həll etmək lazımdır. Bir misal çəkim, Tovuzun Əlibəyli kəndinin bir sakini mənə müraciət edib. 6 min dollar kredit götürüb. İndiki manat məzənnəsi ilə o vəsaiti qaytara bilmir. Hamıya məlumdur ki, o kənd hər an ermənilərin atəşi altındadır. Hesab edirəm ki, kredit məsələlərində belə məqamlar nəzərə alınmalıdır. Bank üçün kifayət deyilmi ki, düşmənlə üz-üzə dayanan mərd Azərbaycan vətəndaşına güzəşt etsin? Axı banklar son illərdə kifayət qədər xalis mənfəət əldə ediblər. Sərhədə yaxın kəndlər daim düşmən atəşinə tutulur. Sakinlərin əksəriyyəti əlavə gəlir mənbəyindən məhrumdurlar.

Narahatçılıq doğuran daha bir məsələ bankların sayı ilə bağlıdır. Təbii ki, iri banklar bir çox üstünlüklərə malikdir və bunu sübut etməyə ehtiyac yoxdur. Bir neçə bankın birləşməsi də labüddür və bütün tərəflər üçün məqbul hesab edilir. Hər hansı bir bankın lisenziyasının alınması məsələsinə həssas yanaşılmalıdır.

İstehlak kreditlərinin təbliğində də boşluqlar var. İstehlak kreditlərinin təbliğində böyük yer tutan maşın, məişət avadanlıqları, geyim və s. xarici mal olduğu üçün idxalı stimullaşdırır. Bu cür təbliğin bir həddi olmalıdır. Hər ailə kredit götürəndə bunu götür-qoy etməlidir ki, o vəsaiti geri qaytara biləcəkmi? Bunlar hesablanmır. Bunun əsas səbəbi maliyyə savadsızlığı, maliyyə maarifləndirməsinin kifayət dərəcədə olmamasıdır.

 – Ziyad müəllim, Prezident Davosda çıxışı zamanı Azərbaycanın iqtisadiyyatı ilə bağlı mühüm tezisləri açıqladı. Nə deyə bilərsiniz, bunu  necə qiymətləndirisiniz?

– İlham Əliyevin bir neçə gün ərzində belə görüşlər keçirməsi dünyada bizim dövlətimiz, Prezidentimiz haqqında bir daha müsbət təsəvvür yaratdı. Davos dünyada böyük nüfuza malik olan təşkilatlardan biridir. Prezidentimiz dövlətimizin siyasəti, baş verən son hadisələr haqqında danışaraq, bir daha sübut etdi ki, Azərbaycan müstəqil siyasət yürüdür.

Düşünrəm ki, Azərbaycan bu kimi forumlarda nə qədər çox iştirak etsə, mövqeyini açıqlasa, bir o qədər də Azərbaycanımızın dinamik və keyfiyyətli inkişaf imkanları genişlənəcək.

Modern.az

Son xəbərlər
Digər xəbərlər