“Günay Bank” ASC-ın 2020-ci il üzrə audit hesabatına əsasən məlum olur ki, fiziki şəxslər və şirkətlərin bankdakı müddətli depozitlərin bir hissəsini geri çəkilib, dövlət və ictimai təşkilatların cari hesabları azalıb.
Banker.az xəbər verir ki, bankın 1 yanvar 2021-ci il tarixinə depozitlərinin həcmi cəmi 105.45 milyon manat olub. Bu portfelin əsas hissəsini formalaşdıran fiziki şəxslərin müddətli depzitlərinin həcmi 42.61 milyon manat olmuşdur. Bir xatırladmanı da bildirək ki, bu 2019-cu ildə 48.73 milyon manat idi.
Müddətli depozitlər – Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır.
Bankın fiziki şəxs olan əmanətçiləri 2020-ci il ərzində 12.38 milyon manat (22.5%) vəsaitlərini geri çəkib. Bankın hesabatına rəydə qeyd edilir ki, müddətli depozitlər illik 1-9% faiz dərəcəsi ilə cəlb edilib.
Dövlət müəssisələri bankdakı cari hesablarını azaltmaqla yanaşı, onlar da depzitlərini böyük həcmdə azaldıblar. Məsələn, 2020-ci ilin əvvəlində 14.27 milyon manat olduğu halda ilin sonuna 8.85 milyon manata qədər azalma yaşayıb. Bu qəbildən olan müəssisələrin müddətli depozitləri 10.22 milyon manat olduğu halda, ilin sonuna 9.21 milyon manata düşmüşdür.
Şirkətlər hesabat müddətinin sonuna müddətli depozitlərin həcmini sıfıra endirməli olub. İlin əvvəlində bu rəqəm 5.24 milyon manat idi. Bununla belə şirkətlərin cari hesabları 2020-ci ildə 5.64 milyon manatdan 7.39 milyon manata qədər artmışdı.
Bu bankın adı depozitlə bağlı yaxın keçmişdə yaxşı hadisələrlə xatırlanmır. Belə ki, ölkə bank tarixində nadir hadisələrdən biri – “Günay Bank”ın illər öncə İdarə Heyətinin sədr müavini olmuş Emin Zeynalovun bank əmanətlərini mənimsəyərək bankdan çıxarılmasına dair məlumatlar mediada tiralanmışdı. Məhkəmə proseslərində bildirilirdi ki, Emin Zeynalov “GünayBank” ASC-nin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası “Forex”ə yatıraraq ziyana düşdüyü məlum olmuşdu.