Naxçıvan Muxtar Respublikası ərazisində təxminən 190 kilometrlik dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, sözügedən dəmir yolu sovet dövründə fəaliyyət göstərsə də, son 30 ildən artıq müddətdə istifadəsiz qalıb.
“Bu səbəbdən həmin ərazidə yenidənqurma işlərinin aparılması vacibdir. Hazırda Naxçıvan ərazisində də işlərə başlanılıb”, – Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, Azərbaycan, Ermənistan, Naxçıvan və Türkiyə ərazilərindəki nəqliyyat xətləri tamamlandıqdan sonra Avropadan Türkiyə və Azərbaycan üzərindən Mərkəzi Asiyaya uzanan yeni nəqliyyat istiqaməti formalaşacaq.







