15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda avtomobil krediti verən bankların siyahısı

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-i avtomobil krediti verir. Avto kredit verməyən digər banklar isə avtomobil almaq istəyən şəxslərə nağd pul krediti təklif edirlər.  Banker.az olaraq bu dəfə avto kredit verən banklar və kreditin şərtləri ilə bağlı araşdırma apardıq. Aşağıdakı məqalədə və cədvəldə bu məlumatlarla tanış ola bilərsiniz:

 

Bank Respublika maksimal məbləğ 100 000 AZN olmaqla 36 ay müddətinədək minimum 24% illik faiz dərəcəsi ilə avtomobil krediti təklif edir. Əgər “Group Motors” şirkətləri tərəfindən satılan aşağıdakı markalı avtomobillərdən alsanız, o zaman avtomobil kreditini daha aşağı faiz dərəcəsi ilə əldə edə bilərsiniz:

  • Honda,
  • Mazda,
  • Subaru,
  • Mitsubishi,
  • Toyota.

Belə ki, bu maşınlar üçün kredit müddəti 12 ayadək olduqda 18%, 13-24 ay olduqda 21%, 25-36 ay olduqda isə 22% hesablanır.

Bank Respublika-dan kredit əldə edərkən 1% komissiya tutulur və istisna hallarda zamin tələb edə bilir. Həmçinin, istehsal tarixi 1 ildən az müddət keçən avtomobillər girov kimi qoyulur.

Krediti əldə etmək üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

  • şəxsiyyəti təsdiq edən sənəd,
  • sürücülük vəsiqəsi (əgər yoxdursa, sürücülük vəsiqəsi olan şəxsin zaminliyi ilə),
  • avtomobilin alınmasına dair arayış və ya texniki pasport,
  • rəsmi gəlirləri təsdiq edən sənəd

Kapital Bank 300 AZN-dən 30 000 AZN-dək 15%-dən başlayaraq illik faiz dərəcəsi ilə 3-60 ay müddətinə maşın krediti verir. 18-70 yaş aralığında əmək haqqı/təqaüd alan, son iş yerində 3 ay stajı, əməkhaqqı/pensiya kartı Kapital Banka məxsus olmadıqda əlavə olaraq ümumi 6 ay iş stajı (təqaüdçülər üzrə belə bir tələb yoxdur) olan şəxslər bu krediti ala bilərlər. Qeyd edək ki, digər banklarda krediti olanlara da kredit verilə bilər. Xüsusi hallarda zamin tələb olunur, zaminsiz maşın krediti üçün maksimal məbləğ 20 000 AZN təşkil edir. Kredit üçün tətbiq olunan illik faiz dərəcələri müddətə bağlı olaraq dəyişiklik göstərir. Maşın krediti əldə etmək üçün online sifariş formasına şəxsiyyət vəsiqənizin FİN kodu və mobil nömrənizi qeyd edərək müraciəti tamamlamağınız yetərlidir. Müraciətin təsdiqlənməsi üçün Kapital Bankın təqdim etdiyi yerində xidmət və ya videozənglə təsdiqləmə xidmətindən yararlana bilərsiniz.

Kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi, hərbçilər üçün əlavə olaraq hərbi vəsiqə tələb olunur.


Aylıq sabit gəliri olan hər bir kəs Naxçıvanbankdan 36 ayadək illik 17-20%-lik avto kredit götürə bilər. İstehsal tarixi 1 il və ya 1 ildən az, qiyməti 30 min manatdan artıq avtomobillər üçün avtomobilin 60%-dək, qiyməti 30 min manatdan az olan avtomobillər üçün avtomobilin 50%-dək kredit almaq imkanı var. İstehsal tarixi 1 ildən çox, lakin 5 ildən az keçmiş avtomobillər üçün isə avtomobilin ümumi dəyərinin 20%-i məbləğində kredit verilir. Kreditin valyutası AZN, kreditin təminatı isə kredit vəsaiti hesabına verilmiş avtomobildir. Kredit məbləğinin 0.9%-i dəyərində xidmət haqqı mövcuddur.

Borcalandan tələb olunan sənədlər aşağıdakılardır:

  • şəxsiyyət vəsiqəsi,
  • gəliri təsdiq edən rəsmi sənəd (əmək haqqı barədə arayış və ya kart hesabı üzrə çıxarış),
  • avtomobilə aid sənədlər.

Bank Melli İran Bakıda kredit məhsulları təqdim edilərkən uzun müddət bankla əməkdaşlıq edən, sabit maliyyə vəziyyətinə və müsbət kredit tarixçəsi olan, həm dövlət, həm də iri özəl müəssisə və təşkilatlarda çalışan şəxslərə üstünlük verilir. Bu bank 21-65 yaşında (kredit müraciətçisinin valideynlərindən biri zamin durduqda yaş məhdudiyyəti 18 dək aşağı endirilir), sürücülük vəsiqəsi olan şəxslərə yeni və buraxılış ili 2018-ci ildən sonra saz vəziyyətdə olan işlənmiş avtomobillər (Avropa Birliyinə daxil olan ölkələrin, ABŞ, Yaponiyanın, Koreyanın istehsalı olan avtomobillər) üçün 15.000 ABŞ dollarının manat ekvivalentinədək (25 500 AZN) kredit verir. Kreditin limiti yeni maşınlarda dəyərinin 50%-i, işlənilmiş maşınlarda isə 20 %-i məbləğindədir. Kredit müddəti 60 ayadəkdir, kredit faizi isə 19-20%-dir. Belə ki, 1-36  ayadək illik  19%, 36-60 ayadək illik 20% hesablanır. Bankın xidmət haqqı 1%-dir.


Rabitəbank avtomobil salonundan alınan son 5 ilin istehsalı avtomobillərin alınması üçün 3-36 ay müddətinə kredit təklif edir. Dəyəri 30 000 AZN-dək olan maşınlar üçün dəyərinin 50%-i məbləğində, dəyəri 30 000 AZN-dən çox olan avtomobillər üçün isə dəyərinin 40%-i məbləğində avtomobil kreditini 22-65 yaşlı şəxslərə illik 16%-dən başlayaraq təqdim edir. Belə ki, kredit müddəti 3-12 ay olduqda illik faiz 16%, müddət 13-24 ay olduqda 18%, 25-36 ay olduqda isə 19% hesablanır. Avtomobil krediti AZN valyutasında verilir və 1% komissiya tutulur. 


Xalq Bank yeni və təkrar bazardan alınan avtomobillərin kreditləşməsini rəsmiləşdirə biləcəyiniz 1 000 – 100 000 AZN məbləğində, 10%-dən başlayan faizlərlə avtomobil kreditini 0.1% komissiya (min. 10 AZN, maks. 1 000 AZN) ilə müddətə təqdim edir. Həm istehsalçı ölkə İran, Çin və MDB ölkələridirsə yeni avtomobillər üzrə, həm istifadə edilmiş avtomobillər üzrə, həm də digər ölkələrin istehsalçıları üçün yeni və istifadə edilmiş avtomobillər üzrə 60 ay kredit müddəti müəyyən olunub. Son iş yerində minimal iş stajı 6 ay olan, mənfi kredit tarixçəsinin olmayan 65 yaşadək şəxslər kredit üçün müraciət edə bilərlər. Avtolüks Azərbaycan MMC şirkəti tərəfindən satılan avtomobillərin alınması üçün kredit üzrə illik faiz dərəcəsi 10%-12%, partnyor şirkətlərdə satılanlar üçün 15%, digərləri üçün isə 16-20% təşkil edir. Xalq Bankla əməkdaşlıq edən avtomobil salonları aşağıdakılardır:

  • “Azərbaycan Automobiles” QSC (Volkswagen)
  • “Auto Azərbaycan” MMC (Hyundai)
  • “Auto Star Kaukasus” MMC (Mercedes-Benz)
  • “Performance Center Co” LTD (Chevrolet,BAIC,JAC,LADA)
  • “KİA MOTORS Azərbaycan” MMC (KİA)
  • “Porche Bakı Mərkəzi” (Porche)
  • “Toyota Bakı Mərkəzi” (Toyota)
  • “NURGÜN MOTORS” MMC (Ford, Nissan, İnfinity, Renault)
  • “Dream Auto MMC” (Audi)
  • “REAL MOTORS” MMC (Seat)
  • “Aztol Motors” MMC (“Volvo” və “Suzuki”)
  • “Improtex Motors” MMC (BMW)
  • “İnshaat Services” MMC (Haval, Great Wall)
  • “Skaz Autohouse” MMC (Skoda)
  • “Rotary MMC” (Mazda)
  • “Yeni Motors” MMC (Honda)
  • “Subaru Azərbaycan” MMC (Subaru)
  • “Diamond Motors” MMC (“Mitsubishi”)
  • “Cahan Motors” MMC (Opel)
  • “Lexus-Bakı” MMC (Lexus)
  • “Xəzər Lada” ASC (Lada)
  • “Avtolux Azərbaycan MMC” (Ferrari, Aston Martin, Lamborghini, Alfa Romeo, Abarth, Land Rover, Jaguar, Fiat, Jeep, Dodge, Chrysler)
  • “Azərbaycan Avtomobil Evi” MMC ( Changan)

Yapı Kredi Bank 3 000 AZN-dən başlayan avto krediti 12-36 ay müddətinə təklif edir. Dövlət işçiləri, müəllimlər, xarici və yerli neft, rabitə, telekomunikasiya, IT və s. şirkətlərində işləyən şəxslər, bank işçiləri, Yapı Kredi Bank Azərbaycan-dan əmək haqqı alan müştərilər zaminsiz kredit götürmək hüququna malikdirlər. Kreditin faiz dərəcəsi yeni müştərilər üçün 15%, təkrar müştərilər üçün isə 14% təşkil edir. Təkrar müştəri dedikdə, Yapi Kredi Bank Azərbaycanda son 12 ayda kredit və ya kart borcunu odəyib bitirmiş və ya hal hazırda bankda depoziti olan müştərilər nəzərdə tutulur.


Azərbaycan vətandaşı, yaşamaq və çalışmaq icazəsi olan və əsas iş yeri Azərbaycanda olan Türkiyə Respublikası vətəndaşları Ziraat Bank Azərbaycandan müddəti 36 ayadək olan 25 000 AZN-dək məbləğdə avtomobil kreditini əldə edə bilərlər. Krediti götürə bilmək üçün borcalanın rəsmi maaşı minimum 1 500 AZN olmalıdır. İllik faiz individual olaraq hesablanır. Kredit vermək üçün minimum 22 yaş həddi müəyyən edilib. Kreditin bağlanma tarixi borcalanın təqaüd yaşını keçməməlidir. Kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobilin qiyməti 30 (otuz) min manatdan artıq olduqda kredit məbləği əldə edilən avtomobilin dəyərinin maksimum 60%-dən çox, avtomobilin qiyməti 30 000 manat və ondan az olduqda isə kreditin məbləği əldə edilən avtomobilin dəyərinin 50%-dən çox olmamalıdır. Avtomobilin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil üzrə kreditin məbləği, avtomobilin dəyərinin 20%-dən çox olmamalıdır. Əldə edilən avtomobil təminat qismində çıxış edir və xarici vətəndaşlardan ayrıca zamin tələb edilir. 

 

sekil 1

 

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər