Bu gün – aprelin 3-də məşhur azərbaycanlı iş adamı, “Baku Steel Company”nin sahibi Rasim Məmmədov və Özbəkistanın ölkəmizdəki səfiri Şerzod Fayziyev arasında məsləhətləşmələr aparılıb.
Virtualaz.org xəbər verir ki, R.Məmmədov səfiri prezident İ.Əliyevin rəhbərliyi altında Azərbaycanda sahibkarlıq mühitinin inkişafı, investisiya şəraitinin çiçəklənməsi, sürətli iqtisadi islahatlar və investorlar sinfinin yaranması prosesi barədə məlumatlandırıb.
Azərbaycanlı sahibkar bildirib ki, Özbəkistanın yeni prezidenti Şövkət Mirzəyevin iqtisadi islahatlar kursu ilə yaxından maraqlanır və bu ölkədə baş verən prosesləri izləyir. R.Məmmədov xalqlarımız arasında tarixi və mədəni birliyi, dövlətlərimizin strateji tərəfdaşlığını və siyasi ittifaqını (Özbəkistan hələ də Ermənistanla diplomatik münasibətlər qurmayıb və rəsmi Yerevanın işğalçılıq siyasətini ittiham edir), yeni iqtisadi şəraiti nəzərə alaraq, Özbəkistan iqtisadiyyatına investisiya yatırmaq qərarına gəldiyini qeyd edib.
Belə ki, azərbaycanlı sahibkar Özbəkistanda dəmir-xəlitə və metallurgiya zavodlarının tikintisi imkanlarını araşdırır. R.Məmmədov səfiri məlumatlandırıb ki, may ayında Azərbaycanda da analoji dəmir-xəlitə zavodu layihəsinin gerçəkləşdirilməsinə başlanacaq. Diplomat Daşkəsən Dağ-Mədən Kombinatının inkişafına 1 milyard dollar həcmində investisiyanın cəlb edilməsi ilə bağlı ətraflı məlumat alıb.
Ümumilikdə, azərbaycanlı iş adamı Özbəkistan iqtisadiyyatına 150 milyon dollara yaxın investisiya yatırmaq niyyətindədir.