Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin ekspertləri tərəfindən banklar və bank olmayan kredit təşkilatlarının nümayəndələri üçün “İnformasiya təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
Banker.az məlumat üçün bildirir ki, təcrübə və diskussiyalarla zəngin olan təlim proqramı informasiya təhlükəsizliyinin təmin olunması, müasir dövrdə informasiya texnologiyalarının üstünlükləri, mövcud problemlər və onların həlli yolları, bank hesablarının və digər konfidensial məlumatların qorunması mövzularını əhatə edib.
Bu kimi təlimlərin təşkil olunması maliyyə bazarlarının iştirakçılarının yarana biləcək təhlükələrdən daim mühafizə olunmasına, vətəndaşların maliyyə xidmətlərindən təhlükəsiz şəkildə faydalanmasına xidmət edir.
Qeyd edək ki, sözügedən Anlaşma Memorandumu 15 dekabr 2017-ci il tarixində Azərbaycanın bank sektorunda kibertəhlükəsizlik, kibercinayətkarlıq halların qarşısının alınması, informasiya texnologiyalarının təhlükəsizliyinin təmin edilməsi və maliyyə sektorunda İT təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması məqsədilə Palata və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi arasında imzalanmışdır.