Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərin “Şəxsi kabineti” ilə bağlı yaranan bəzi problemlərə görə valideynlərə müraciət edib.
M.Abbaszadə keçirdiyi mətbuat konfransında deyib ki, uzun illər ərizə qəbulu zamanı çox vaxt valideynlərin öz uşaqlarına etibar etmədikləri müşahidə edilir.
O bildirib ki, bəzən valideynlər ərizə vermək qaydalarını özgə şəxslərə həvalə edirlər: “Bu günə qədər elektron ərizəni dolduran şəxsdən onunla əlaqə saxlamaq üçün əlaqə nömrəsi və elektron poçt ünvanı (e-mail) istəyirik. Keçən il bizdə olan bazaları araşdıranda müəyyən etdim ki, bir poçt ünvanı ilə 200 nəfər abituriyent əlavədədir. Bu, qeyri-adi haldır. Biz bunu araşdırdıq və qaydın oldu ki, burada nəsə neqativ bir hal yoxdur. Müəyyən oldu ki bu, yalnız hansısa internet klubunun poçt ünvanıdır. Bu, o deməkdir ki, valideyn özü ərizəni doldurmayıb. O əlaqə ünvanı kimi hansısa internet klubunun poçt ünvanını göstərib. Belə olan halda isə tamamilə təsadüfi şəxs həmin abituriyentin şəxsi məlumatlarını oxumuş olacaq. Ona görə də şəxsi kabinetdəki bütün məlumatları abituriyent və valideynlər özləri yaratmalıdırlar”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq.