BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçirilir.
Bu gün və sabah BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi ilə baş tutacaq Assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 panemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə edəcəklər.
İki günlük xüsusi sessiyada dekabrın 3-də keçiriləcək ümumi müzakirlər, dekabrın 4-də isə mütəxəssislər, BMT agentlikləri və aparıcı elm adamları ilə interaktiv dialoqlar olacaq.
Sessiyanın ilk günündə BMT Baş Assambleyasının Prezidenti, BMT Baş katibi, İqtisadi və Sosial Şuranın və Təhlüksizlik Şurasının Prezidentləri, Qoşulmama Hərəkatı Təşkilatının sədri çıxış edəcək və daha sonra dünya liderlərinin pandemiya ilə mübarizə təcrübələri və COVID-19-la bağlı ehtiyaclar barədə mesajları təqdim olunacaq.
Sessiyanın ikinci günündə isə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun təqdimatı, səhiyyə və humanitar cavab, peyvəndin inkişafı və sosial-iqtisadi bərpa məsələlərini əhatə edən üç panel müzakirəsi keçiriləcək.
Qeyd edək ki, BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçirilməsi təşəbbüsü ilə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyev çıxış edib.