ABŞ Dövlət Departamenti 2020-ci il dekabr ayının ortalarında Konqresə Rusiyanın Vladivostok şəhərindəki konsulluğu həmişəlik, Yekaterinburqdakı konsulluğu isə müvəqqəti bağlayacağını açıqlayıb.
Bu barədə Banker.az xarici KİV-ə istinadən xəbər verir.
Konsulluqların bağlanması – Rusiyanın 2017-ci ildə tətbiq etdiyi kadr məhdudiyyətləri və nəticədə diplomatik vizalarla yaranmış problemlərə verilən cavabdır.
ABŞ Dövlət Departamenti bu məlumatı təsdiq edib. “Dövlət katibi ABŞ-ın Rusiyadakı səfiri ilə birlikdə məsləhətləşərək, diplomatik nümayəndəliyin təhlükəsiz və etibarlı fəaliyyətini təmin etmək üçün Vladivostokdakı konsulluğu bağlamağa, Yekaterinburqdakı konsulluğun fəaliyyətini isə müvəqqəti olaraq dayandırmağa qərar verib”, – deyə nümayəndə açıqlayıb.
Qeyd olunur ki, baş konsulluqların diplomatları (10 nəfər) ABŞ-ın Moskvadakı səfirliyinə köçürüləcək, digər əməkdaşlar (33 nəfər) işdən çıxarılacaq.
Xatırladaq ki, ABŞ-ın Sankt-Peterburqdakı konsulluğu 2018-ci ildən bağlıdır.