2020-ci ildə məhkəmə və cinayət prosesini həyata keçirən digər orqanlar tərəfindən qəbul edilmiş dövlət hesabına hüquqi yarıma görə vəkillərə ödənişi nəzərdə tutan ümumlikdə 21913 qərar icra edilib.
Bu barədə Vəkillər Kollefiyasının 2020-ci il üçün hesabatında qeyd edilib.
İcra edilmiş həmin qərarlar üzrə ümumilikdə 2 milyon 664 min 167 manat vəsait istifadə olunub. Bu da dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitin 48 %-ni təşkil edir. İcra edilmiş qərarların faiz nisbəti isə 100 faiz təşkil edib.
Hesabatda qeyd edilib ki, Vətən müharibəsi zamanı Vəkillər Kollegiyasının 7 üzvü döyüşlərə qatılıb və Rəyasət Heyəti tərəfindən onların ailə üzvlərinə hərbidə olduqları müddət aylıq şəkildə maddi yardım göstərilib?
“O cümlədən əlamətdar haldır ki, Dövlət başçısının sərəncamları ilə vəkillərdən Kərimov Fərhad Azad oğlu “Cəsur döyüşçü”, Əzimov Rauf Nəriman oğlu isə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif ediliblər. Eyni zamanda, Rəyasət Heyətinin müvafiq qərarına əsasən, vəkillər tərəfindən şəhid ailələrinə və yaralanmış qazilərə ödənişsiz hüquqi yardım göstərilməsi, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçirilməsi qət olunub. Həmçinin şəhid ailələrinin vəkil qurumuna getməsinə ehtiyac olmadan vəkillərin özlərinin həmin şəxslərin evlərinə getməklə yerində hüquqi yardımın göstərilmələri qərara alınıb”.