ABŞ rəhbərliyi İranın BƏƏ-dəki hesablarından 7 milyon dollar geri çəkib və həmin vəsaiti dövlətlər tərəfindən dəstəklənən terror qurbanlarına yardım fonduna köçürəcək.
TASS xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Vaşinqtonun qənaətinə görə, bu vəsaitlər ABŞ sanksiyalarından yayınmaqla dünyanın müxtəlif hesablarına təxminən 1 milyard dollar köçürülməsi üçün hazırlanmış maliyyə sxemində istifadə olunub. Birbaşa geri çəkilən 7 milyon dollar BƏƏ-nin dövlət investisiya fondunda saxlanılırdı.
Həmin vəsait BƏƏ rəsmilərinin razılığı əsasında ABŞ tərəfindən müsadirə edilib.
“Bugünkü razılaşma bu müsadirə işinin həllinə icazə verir və həmin 7 milyon dollar vəsaitin ABŞ-ın lehinə ələ keçirilməsi təklif olunur”, – sənəddə belə deyilir.
Bundan sonra Alyaska ştat məhkəməsinin qərarı təsdiqləməsi lazımdır. Yalnız bundan sonra vəsait adıçəkilən fonda köçürüləcək.