8 C
Baku
Friday, December 13, 2024

“Delta” Azərbaycanın bir addımlığında… – Rəşad Mahmudovdan açıqlama

Son günlər dünyada koronavirusun yeni mutasiyaya uğramış növü olan “Delta” və “Delta+” ştammları sürətlə yayılır. Azərbaycana qonşu olan bir sıra ölkələrdə də artıq bu virusun qeydə alındığı bildirilir. Rusiya, İran, Gürcüstan kimi qonşu dövlətlərdə təhlükəli adlandırılan virusun yayılması Azərbaycanı da narahat edir.

Məsələylə bağlı açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov bildirib ki, bütün RNT virusları kimi koronavirusun da tez-tez mutasiyaya məruz qalmaq reallığını qəbul etməliyik: “Əlbəttə, vaxt keçdikcə yeni ştammların əmələ gəlməsi gözlənilən bir hadisədir.

Bu gün Rusiyada və Gürcüstanda “Delta” və “Delta+” ştammının əmələ gəlməsi reallığı var. Bu ştammın yoluxuculuq miqdarı daha əvvəlki ştammlarla müqayisədə yüksəkdir. Bu, hamımızı narahat etməlidir.

Əvvəlki zamanlardan fərqli olaraq bu gün koronavirusla mübarizədə həm cəmiyyətin hər bir üzvünün, həm dövlətlərin, həm də milli səhiyyələrin qazanmış olduğu təcrübələr var.

Həmin təcrübələrlə onu deyə bilərik ki, bundan sonra eşitdiyimiz xəbərləri qorxu hissi ilə qarşılamaq əvəzinə, dərk etməliyik və hər birimizin artıq öyrəndiyi mübarizə üsullarından istifadə etməliyik. Əvvəlki illərlə müqayisədə sərt karantin rejimləri yerinə, istənilən dalğa qarşısında istənilən bir ölkədə hadisəyə təsir edən, gedişatı əsas yönləndirən məsələ hər bir fərdin, eləcə də cəmiyyətin böyük bir hissəsinin karantin rejiminin tədbirlərinə uyğun bir şəkildə həyat tərzi keçirməsidir. Həmçinin bu gün bilinən başqa bir həqiqət isə bu işlə mübarizədə ən effektiv yollardan biri peyvəndlənmənin olmasıdır.

Onu deyə bilərəm ki, ətraf ölkələrdə mutasiyaların olması gələcəkdə ölkəmizə də bu ştammın keçməsi ehtimalını ortaya qoyur. Ümid edək ki, bu olmasın. Ancaq olarsa, cəmiyyət hər zaman olduğu kimi dövlətlə ortaq olaraq atacağı addımlarla inanıram ki, bu çətinliklərin öhdəsindən layiqincə gələcək”.

Deputat vurğulayıb ki, hazırda tam təsdiqini tapmasa da sözügedən ştammın yoluxuculuq sürəti və xəstəliyin ağırlaşmaya səbəb olma miqdarının çox olması ehtimal olunur: “Gənclər və uşaqlar arasında da xəstəliyin yayılma ehtimalının çox olduğu bildirilsə də, tibbi nöqteyi- nəzərdən onu deyə bilərəm ki, istənilən mutasiyaların bir əvvəlkindən çox fərqləndiyini düşünmürük.

Unutmamaq lazımdır ki, bəlli xüsusiyyətlərlə dəyişikliyə səbəb olan bu mutasiyalarla mübarizədə artıq dünya, eləcə də ölkə səhiyyəsi əvvəlki zamanla müqayisədə daha çox təcrübə qazanmış vəziyyətdədir. Belə bir riski nəzərə alaraq cəmiyyətin hər bir üzvü, o cümlədən dövlətin aidiyyatı qurumları lazım olan hazırlıqları görərək yaxın gələcəkdə ola biləcək bir dalğa qarşısında əvvəllər olduğu kimi, mübarizə aparmaq yollarını, inanıram ki, tapacaq”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər