ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə $39 trilyon həddini keçib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib. Qurumun açıqladığı məlumata görə, hazırda ABŞ-nin suveren borcu $39,03 trilyon təşkil edir, bu da ölkə üzrə hər nəfərə 114,1 min dollardan çox deməkdir. Bu, rekord göstəricidir. 2025-ci ilin oktyabrında borc $38 trilyon həddini keçmişdi.
Amerikalı ekspertlərin proqnozlarına görə, növbəti onillikdə ABŞ-nin dövlət borcu ÜDM-in təxminən 120%-nə çatacaq. Bu isə federal hökumətin borcunun ABŞ iqtisadiyyatının illik istehsal həcmini üstələyəcəyi deməkdir. Vaşinqton hər il dövlət borcuna görə faiz ödənişlərinə təxminən $970 milyard xərcləyir ki, bu da hərbi sahəyə ayrılan vəsaitdən çoxdur. 2020-ci ildən bəri bu xərclərin həcmi üç dəfə artıb.
Yüksək dövlət borcu səviyyəsi federal hökuməti faiz ödənişlərinə daha çox vəsait ayırmağa məcbur edir və nəticədə infrastruktur, təhsil, tibbi sığorta və sosial proqramlar üçün daha az resurs qalır. Əgər investorlar ABŞ borcunu daha riskli hesab etməyə başlasa, faiz dərəcələri daha da arta bilər ki, bu da biznesin inkişafı və investisiyalar üçün borclanma xərclərini yüksəldər.
Amerikalı ekspertlərin əksəriyyəti hesab edir ki, ABŞ büdcəsini təxminən on il ərzində balanslaşdırmaq mümkündür. Onlar federal xərclərin əvvəlki üç ilin orta illik gəlirinə, əhalinin artımı və inflyasiya nəzərə alınmaqla, uyğunlaşdırılmasını tövsiyə edirlər. Mütəxəssislər həmçinin Konqresin federal büdcənin formalaşdırılması ilə bağlı uzunmüddətli problemini — bütün gəlir və xərcləri əhatə edən kompleks layihənin olmamasını qeyd edirlər. Onlar vergi ödəyiciləri üçün yükə çevrilən lazımsız xərclərin azaldılmasını təklif edirlər.





