Avstriya hökuməti dekabrın 26-dan etibarən ölkədə elan edilən üçüncü sərt karantin rejiminin müddətini yanvarın 18-dək nəzərdə tuturdu. Hökumətin təklifinə görə, həmin tarixədək ölkədə keçiriləcək kütləvi testlərdə iştirak edənlər üçün karantin müddəti başa çatmalı, testlərə qatılmayanlar isə yanvarın 24-dək karantində qalmalı idilər.
Lakin hökumət müvafiq qanun layihəsini parlamentdə təsdiqlədə bilməyib. Müxalifət partiyaları ölkədə epidemoloji vəziyyətin hələ də qənaətbəxş olmadığını və testdə iştirak edənlərin digərlərinə qarşı imtiyazlı mövqe tutmaları prinsipini rədd ediblər. Məhz buna görə də Avstriyada ticarət obyektləri, xidmət sahələri, qastronomiya və kütləvi tədbirlər üçün yenidən fəaliyyətə başlama günü yanvarın 24-nə nəzərdə tutulub.
Avstriyanın Federal səhiyyə naziri Rudolf Anşober bildirib ki, hökumət yanvarın 24-dən sonra ölkədəki vəziyyətlə bağlı qərarların qəbulunda müxalifət partiyaları ilə də məsləhətləşmələr aparacaq. Eyni zamanda, digər Avropa ölkələrinin koronavirusun mutasiyaya uğramış yeni formaları ilə bağlı qərar və təcrübələri yaxından izlənəcək. Nazir, həmçinin qeyd edib ki, yanvarın 24-dən sonra qaydalarda hansısa yumşaldılmalar nəzərdə tutula bilər, lakin ümumilikdə götürdükdə, karantin qaydaları hələ bir müddət qüvvədə qalmalı və epidemioloji vəziyyətə uyğun olaraq mərhələli şəkildə normal həyata dönüş baş verməlidir.