9 C
Baku
Friday, December 13, 2024

SWIFT nədir?

0

Have a Question?

SWIFT – məlumat mübadiləsini aparan və ödənişləri həyata keçirən eyni adlı banklararası sistemə nəzarət edən beynəlxalq təşkilatdır.

Daha sadə desək, dünyada bir neçə beynəlxalq banklararası sistem mövcuddur, SWIFT isə onlardan ən geniş yayılmışıdır. O, fərqli ölkələrdən olan təşkilatların ödənişlərini bir-birinə sürətli, etibarlı və nisbətdən aşağı komissiya ilə köçürməyə imkan verir.

SWIFT – “Society for Worldwide Interbank Financial Telecommunication” (dünya miqyasında banklararası maliyyə kommunikasiyaları icması) kimi açılışı olan abreviaturadır.

SWIFT internetdə eyni prinsiplə işləyən xüsusi SWIFTNet şəbəkəsi vasitəsilə pul köçürmələri, ödənişlər və qiymətli kağızların mübadiləsi haqqında məlumatların ötürülməsi üçün ən sürətli və təhlükəsiz kanaldır. “Visa” və ya “Mastercard” kimi ödəniş sistemlərindən fərqli olaraq, SWIFT yalnız banklararası səviyyədə istifadə olunur.

Nüanslar

SWIFT icmasının üzvləri iki zonaya bölünür: Avropa və Transatlantik. Sonuncunun maliyyə institutları ABŞ-da, Avropa zonasındakı üzvlər isə Hollandiyada fəaliyyət göstərir.

Texniki baxımdan SWIFT bankların və digər istifadəçilərin qoşulduğu beynəlxalq korporativ şəbəkədir. İştirakçılar arasında qarşılıqlı əlaqə strukturu başlıqdan, mətndən və xüsusi koddan ibarət olan mesajların göndərilməsinə əsaslanır.

Əgər bank başqa bir banka ödəniş və ya əməliyyat təsdiqini göndərməli olursa, o, mesaj hazırlayır, şifrləmə aparır və xüsusi terminallardan istifadə edərək məlumatları məxfi SWIFT şəbəkəsi vasitəsilə əməliyyat mərkəzinə göndərir. Qarşı tərəf sənədi qəbul edir, şifrəni açır, məlumatların düzgünlüyünü təhlil edir və mesajın sonrakı taleyini müəyyənləşdirir: o, ya ünvana ötürülür, ya da geri qaytarılır.

SWIFT kanalından istifadə etmək üçün rekvizitləri ingilis dilində doldurmaq lazımdır. Sistemdəki tərcümə aşağıdakı məlumatları ehtiva edən sifariş əsasında həyata keçirilir:

– benefisiar bankın SWIFT-kodu (sistem iştirakçısının unikal identifikatorudur, 8-11 simvoldan ibarətdir);

– alıcı bankın adı və pulun alınacağı filialın rekvizitləri;

– alıcının dünya IBAN formatında hesab nömrəsi;

– son alıcının adı (şəxsin və ya təşkilatın adı) və bank hesabının nömrəsi;

– vasitəçi bankın rekvizitləri.

Rüsumların məbləği dəyişir, komissiya faizi bank tərəfindən fərdi olaraq müəyyən edilir və adətən 1-2% təşkil edir.

Tarix

SWIFT 1973-cü ildən mövcuddur. Onun köməyi ilə ilk maliyyə əməliyyatı 19 oktyabr 1977-ci ildə Belçika şahzadəsi Albert tərəfindən həyata keçirilib.

Sovet İttifaqında SWIFT sistemi 1989-cu ilə fəaliyyət göstərməyə başlayıb. Bu gün ondan 11 mindən çox təşkilat istifadə edir. Hər gün SWIFT şəbəkəsi vasitəsilə ümumi dəyəri 5-6 trilyon dollar olaraq qiymətləndirilən milyonlarla ödəniş əməliyyatı həyata keçirilir.

SWIFT-in qərargahı Brüssel yaxınlığındakı La-Yulpda yerləşir. Qeyd edək ki, strukturun baş ofisi də Belçikanın paytaxtında yer alır. Sistem qanuni olaraq kooperativ cəmiyyət kimi fəaliyyət göstərir. Təşkilat 25 nəfərdən ibarət olan direktorlar şurası tərəfindən idarə olunur. Oradakı təmsilçilik SWIFT vasitəsilə edilən əməliyyatların həcmindən asılıdır: bəzi böyük bankların (“Citi”, “Credit Suisse” və ya “Commerzbank”) sistemdə öz nümayəndələri var.

Ölkələrin SWIFT-dən ayrılması

2012-ci ildə sanksiya tədbiri olaraq SWIFT-dən ayrılma ilə bağlı ilk hadisə baş verdi. Onda ABŞ Senatının Bank Komitəsi İranın nüvə proqramına xidmət etməkdə şübhəli bilinən bütün bankları sanksiya ilə hədələdi. Nəticədə İran Kuba, Ekvador, Boliviya, Venesuela və Nikaraquanın qoşulduğu SUCRE ödəniş sisteminə keçdi.

2016-cı ildə  nüvə proqramının həlli ilə bağlı razılığa gəldikdən sonra İran yenidən SWIFT-ə qoşuldu. Lakin artıq 2018-ci ilin payızında İslam Respublikası yenidən beynəlxalq ödəniş sistemindən istifadə etmək imkanını itirdi. Hazırda İrandakı insanlara və ya şirkətlərə pul yalnız dolayı yollarla – BƏƏ, Türkiyə, İraq, Tayvan və xaricdə fəaliyyət göstərən İran bankları vasitəsilə köçürülə bilər.

2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən və Ukraynadakı daxili siyasi vəziyyətin ağırlaşmasından sonra Qərb ölkələri təzyiq aləti kimi Rusiyanı SWIFT-dən ayırmaqla hədələməyə başladı. Lakin bu cür çağırışların çox olmasına baxmayaraq, təşkilatın nümayəndələri Rusiyanı sistemdən ayırmaq niyyətində olmadıqlarını bəyan etdilər.

Rusiyanın SWIFT-dən ayrılma ehtimalı ilə bağlı müzakirələr 2021-ci ilin yazında, Avropa Parlamenti bunu tələb edən qərar qəbul etdikdən sonra yenidən başladı.

Alternativ olaraq Rusiya SWIFT formatında məlumat ötürə bilən, lakin texnoloji baxımdan daha geridə qalan Maliyyə Mesajlaşma Sistemini (SPFS) inkişaf etdirdi. 2017-ci ildə SPFS tam həcmdə fəaliyyət göstərməyə başladı. İndiyədək bu sistemə 400-dən çox bank qoşuldu.

SWIFT-in analoqu həm də ÇXR (CIPS, yalnız yuanla əməliyyatlar üçün nəzərdə tutulub) və Avropa Birliyində var (INSTEX, hələki yalnız Avropa ölkələrinin İranla maliyyə əməliyyatları üçün istifadə olunur).