14 C
Baku
Tuesday, November 19, 2024

Unicorn (“təkbuynuzlu”) nədir?

0

Have a Question?

Unicorn – bazar dəyəri 1 milyard dollar və ya daha çox olan özəl şirkətlərdir.

Bir qayda olaraq, “təkbuynuzlu” şirkətlər hələ startap mərhələsində seçilirlər və əla maliyyə nəticələri nümayiş etdirərək, investorları onlara sərmayə qoymağa təşviq edirlər. Məsələn, onlar qısa müddət ərzində yeni müştərilər cəlb edir, mənfəət artımında rekord göstəricilər nümayiş etdirir və unikal məhsul istehsal edir.

Nüanslar

Startapın xarakterik cəhəti kimi “təkbuynuzlu” anlayışı ilk dəfə 2013-cü ilin noyabrında “Cowboy Ventures” vençur kapitalı fondunun təsisçisi Eylin Linin məqaləsində işlədilib. Bir qədər sonra bu termin bütün biznes ictimaiyyətinə və ondan kənara yayılıb.

2010-cu illərin ortalarında “təkbuynuzlular” həqiqətən də nadir hal idi: dünyada onların sayı əllidən çox deyildi, aralarında “Facebook” liderlik edirdi. Eylin Linin iddia etdiyi kimi, vençurla dəstəklənən startapların yalnız 0.07%-i on ildən az bir müddətdə 1 milyard dollar kapitala çatırdı.

Bununla belə, son vaxtlar bu tendensiya daha da güclənib – “təkbuynuzlular” artıq o qədər də nadir görünmür. Təkcə 2021-ci ilin ikinci rübündə dəyəri 1 milyard dollardan çox olan 136 yeni şirkət meydana gəlib.

Qeyd edək ki, “təkbuynuzlu” şirkətlərin vahid siyahısı mövcud olmasa da, onların sayının hesablanması metodu müxtəlifdir. Məsələn, 2021-ci ilin oktyabr ayının sonunda “cbinsights.com” portalı dünyada 878 “təkbuynuzlu” şirkətin olduğundan yazıb. “Crunchbase”ə görə, onların sayı 1039-dur.

Bu siyahıların liderləri arasında aşağıdakı şirkətlər var: “ByteDance”, “SpaceX”, “Epic Games” və s.

“Təkbuynuzlu”ların xarakterik cəhətləri:

1. Bazar dəyəri yüksək olan startapların demək olar ki, 90%-i proqram təminatı istehsal edir. Bu cür məhsulları genişləndirmək daha asandır.

2. Bazarda qüvvələrin bölgüsünü kökündən dəyişən və tamamilə yeni istiqamətlər yaradan innovasiyalarla əlaqə.

3. Təsisçilərin orta yaşı 34-dür. Onların əksəriyyətinin bir neçə təcrübəli həmtəsisçisi (orta hesabla üç nəfər) olur.

4. Qazanc modeli komissiyaya əsaslanır.

5. Böyük əksəriyyəti “b2c” sahəsində işləyir, yəni məhsulunu alıcı və ya istehlakçı üçün daha əlçatan etməyə çalışır.

Ənənəvi şirkətlərin bazar dəyəri fəaliyyət sahəsinə və yaxın gələcək planlara əsaslanır, “təkbuynuzlular” isə gəlir və xərclərə görə qiymətləndirilir. 2021-ci ildə mövcud olan bütün yüksək dəyərli startapların əksəriyyəti 2015-ci ildə yaranıb. Şirkətlərə bu statusu əldə etmək üçün orta hesabla altı il lazımdır.

Uğurlu startaplar üçün pul qazanmaq baxımından ən perspektivli bazar pərakəndə satış və elektron ticarətdir. “Təkbuynuzlular”ın fəaliyyətləri arasında aşağıdakılar liderlik edir:

– distant xidmət;

– süni zəka məhsulları;

– fintex xidmətlər, onlayn ödənişlərin avtomatlaşdırılması;

– paylaşma platformaları (sharing);

– bulud proqram həlləri və s.

Fakt

“Təkbuynuzlular”ın sayı artmağa başlayanda “Bloomberg Businessweek” nəşri yeni “dedacorn” (bazar dəyəri 10 milyard dollardan çox olan şirkət) terminini ortaya çıxartdı. “Dedacorn”lara “Airbnb”, “Dropbox”, “Pinterest” və “Uber” kimi şirkətləri daxil etmək olar.

Bəzi ekspertlər “hectocorn”ları da (bazar dəyəri 100 milyard dollardan çox olan şirkətlər) fərqləndirirlər.